BBC

BBC navigation

ABŞ seçkiləri sosial şəbəkələrdə

Sosial şəbəkələrdə yaranan mənzərəyə görə ABŞ-da keçirilən prezident seçkiləri Azərbaycanda xeyli maraqla izlənilib.

Twitter mikrobloq şəbəkəsinin Azərbaycan üzrə statistikasını yaradan Aztwi.com saytına əsasən Azərbaycanlı istifadəçilərinin gün ərzində ən çox işlətdiyi açar sözlər “Obama”, “Romney”, “qalib”, “Amerika” və beynəlxalq istifadəçilər arasında geniş şəkildə işlənilən “Election2012” (“Seçkilər2012”) olub.

Bir çox adam, o cümlədən Respublikaçı Alternativ hərəkatının həmtəsisçisi Erkin Qədirli, seçkiləri izləmək üçün Azərbaycan Diplomatik Akademiyasına gedibi: “ADA-da ABŞ Prezident seçkilərini canlı izləməyə gəldik. Səhər saat 6. Maraqlı adamlar, CNN və çay”.

Bəziləri isə seçkiləri ABŞ-nın Bakıdakı səfirliyində izlədi. “Youth Club” İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər Facebook səhifəsində belə yazdı: “Bugün ABŞ səfirliyinin təşkil etdiyi seçki tədbirində düz 5 saata yaxın iştirak edib seçkilərin nəticələrini hər an izləyirdik.”

Zaur Əkbər Respublikaçıların tərəfdarı olduğunu bildirsə də, Demokratları təbrik edib seçkilərlə bağlı fikirlərini belə yekunlaşdırdı: “Əminəm ki, inşallah biz Respublikaçılar gələn seçkilərdə məsələni qalib şəklində həll edəcəyik”.

“Avropalı Azərbaycanlılar Demokratiya Naminə” qurumunun təsisçisi Elnur Məclidli belə bir fikir irəli sürdü: “Mən zənn etmirəm ki, şəxsən Ilham Əliyev Barack Obamanın seçilməsini istəyirdi ... Mitt Romney varlıların, korrupsioner dövlətlərin namizədi idi, seçilsəydi tez-tez Əliyevi ekranlarda onunla şəkil çəkdirən görəcəkdik.”

"Dəyişiklik gözlənilmir"

Jurnalist Xədicə İsmayılova Barack Obamanın qələbəsinin xəbəri yayılanda Facebook səhifəsində yazdı ki, “Amerikalı dostlarımın həyacanını görməyə çox sevinirəm. Onların ölkəsində seçkilər var. Paxıllığım tutur.”

Azad Fikir Universitetinin təşkilatçılarından biri olan Adnan Hacızadə isə Barack Obamanın rəsmi Twitter səhifəsindəki “Əlavə dörd il” bəyanatını və yanında gedən, prezidentin həyat yoldaşı Michelle Obamanı qucaqlayan fotonun keçidini yayımlayaraq bu mikrobloqun “Twitterin tarixində ən populyar tweet” olduğunu bildirdi.

İstifadəçilər yeddi saat ərzində həmin “tweet”-i artıq 580,000 dəfədən çox təkrarlayıb, 200,000-ə yaxın istifadəçi isə onu “seçilmişlər” siyahısına əlavə edib.

İRƏLİ İctimai Birliyinin sədri Rauf Mərdiyev seçkilərin nəticəsinin açıqlamasından öncə Barack Obamanın ikinci müddətə seçiləcəyini proqnoz etsə də Facebook səhifəsində deyib ki, nəticələrdən asılı olmayaraq “ABŞ-ın xarici siyasətində, xüsusilə bizim regionla bağlı siyasətində hansısa dəyişiklik və yenilik gözlənilmir”.

Amerikada keçirilən seçkiləri maraqla izləyənlərə təəccüblə yanaşanlara Ruslan Əsəd belə cavab verdi: “Bu cür seçkilərə görə nəinki sevinmək, bu cür seçkiləri öyrənmək lazımdır ... Mən şəxsən ABŞ-dakı seçkiləri ona görə yaxından izləyirəm ki, tələbələrin seçkidə iştirakından öyrənməli çox şeylər var”.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.