
"İran hökumətinin zəlzələ qurbanlarına yardım etməməsi barədə deyilənlər düşmənlərin sözüdür" - bunu BBC Azərbaycancaya İranın Vərziqan şəhərindən olan millət vəkili Allahverdi Qurbani deyib.
Hazırda Vərziqan məntəqəsində olduğunu deyən millət vəkili zəlzələdən zərər çəkənlərə "tam köməklik göstərdiyi üçün" Ali Dini lider Ayətulla Əli Xameneyiyə minnətdar olduğunu bildirib: "Şəxsən özü zəlzələ bölgəsinə baş çəkib və zəlzədən zərər çəkənlərlə görüşüb."
"İranın Şərqi Azərbaycan əyalətində zəlzələnin şənbə günü baş verməsinə baxmayaraq, Xameneyinin Təbrizə getməsi nə üçün bu qədər uzun çəkib" sualına cavabında azərbaycanlı millət vəkili belə cavab verib: "Böyüklük edib, özləri şəxsən təşrif buyurublar, biz təşəkkür edirik".
İranın Mehr xəbər agentliyinin məlumatına görə, Ayətulla Əli Xameneyi cümə axşamı günü Təbrizə gəlib və "dərhal zəlzələ bölgəsinə yollanıb".
"Şərqi Azərbaycan əhalisi hər zaman rəhbərliyin və inqilabın arxasında dayanıb. "
Allahverdi Qurbani, Vərziqandan millət vəkili
Hökumətin zəlzələ qurbanlarına daha öncə yardım etməməsi barədə məlumatları şərh edən cənab Qurbani deyib: "Əlbəttə, bu düşmənlərin sözüdür. Zəlzələ ilahinin göndərdiyi fəlakətdir, onu siyasələşdirmək lazım deyil".
Mediada yayılan məlumatlara görə, İran hökuməti ötən şənbə günü Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər çəkənlərə yardımı gecikdirib. İranda Prezident Mahmud Əhmədinejad "zəlzələ ərazisinə baş çəkmək əvəzinə Səudiyyə Ərəbistanına getməkdə" tənqid olunub. Telekanalların zəlzələ baş verən ilk saatlarda zəlzələni yox, komediya şouları və Olimpiya qələbələrini nümayiş etdirməsinə dair məlumatlar da var.
"Bəs kim kömək edib? Onlara yardımı kim təmin edib?" - deyə millət vəkili sual edib. "Mən zəlzələdən siyasi məqsədlər üçün sui-istifadə etmək istəyənlərə qarşıyam" - o, deyib.
O, Şərqi Azərbaycan əyalətindən olanların adından danışıb: "Şəqri Azərbaycan ostanlığının əhalisi bu işə razı deyil ki, zəlzələdən kimsə sui-istifadə etsin. Buranın əhalisi hər zaman rəhbərliyin və inqilabın arxasında dayanıb".

















