BBC

BBC navigation

İran zəlzələ ilə bağlı xarici yardım almağa “hazırdır”

Zəlzələ nəticələri

İran vitse-prezidenti Şərqi Azərbaycan vilayətindəki zəlzələ nəticələrinin aradan qaldırılmasında xarici yardımı qəbul etməyə hazır olduğunu bildirib.

Avqustun 11-də baş vermiş yeraltı təkanlardan sonra İran yardım xahişi ilə müraciət etməmişdir.

Vitse-prezident Məhəmməd Rza Rəhimi ölkənin xaricdən yardım almağa hazır olduğunu bildirib.

Bu barədə məlumat rəsmi İRNA agentliyi tərəfindən yayılıb.

Amerikanın AP agentliyinə istinadən yardımın qəbul edilməsi zəlzələnin nəticələri ilə mübarizədə çətinliklərin yaranmasından xəbər verir.

Bakının yardımı

Avqustun 13-də Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş maşın karvanı İrana yola salınmışdır.

25 avtomobildən ibarət karvanla qonşu ölkəyə ədyal, çadır və zəruri ərzaq məhsulları aparılır, Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilib.

Ötən şənbə günü 6.4 və 6.3 gücündə olan zəlzələ nəticəsində 300-dən artıq adam ölüb, çoxsayda xəsarət alanlar var.

Zəlzələ nəticəsində ölmüş malqaranın yığışdırılması sanitar xidmətlərin qarşısında duran problemlərdən birini təşkil edir.

Rəsmilər bölgədə ishal və baş ağrısından əziyyət çəkənlərin qeydə alındığını bildirib.

Dağıntılar

Son məlumata görə İranın dağlıq bölgəsində baş verən yeraltı təkanlarla 100-dən artıq yaşayış məntəqəsi dağıdılıb.

İran hakimiyyəti evini itirmiş 50 min adamın yaşayış yeri ilə təmin edildiyini bildirib.

Bu arada evlərinə qayıtmağa cürət etməyən minlərlə adamın bayırda gecələdiyi xəbər verilir.

Şərqi Azərbaycandakı su anbarında çatların əmələ gəlməsi barədə məlumat hakimiyyət orqanları tərəfindən təkzib edilib.

İLNA agentliyi 20 kəndə təhlükə yarada biləcək bəndin zədələnmədiyini bildririb.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.