Zəlzələ ilə bağlı Bakı İrana humanitar yardım göndərməyə hazır olduğunu bildirib
Azərbaycan İran tərəfinə humanitar yardım təklif edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
E. Abdullayevin sözlərinə görə, Azərbaycan avqustun 11-də İranın şimal-qərbində baş verən zəlzələdən zərər çəkənlərə yardım etmək niyyətini rəsmi olaraq İran tərəfinə çatdırıb.
Bu arada təbii fəlakətlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti iranlı həmkarı Mahmud Əhmədinejada zəlzələ ilə bağlı başsağlığı verib.
“Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, Azərbaycan prezidentinin başsağlığı məktubunda deyilir.
Zəlzələ ilə bağlı İran prezidenti Mahmud Əhmədinejada başsağlığı Rusiya prezidenti Vladimir Putin tərəfindən də bildirilib.




















