
İran hakimiyyəti 300-dən artıq adamın ölümülə nəticələnən zəlzələyə saymaz yanaşmaqda ittiham olunur. İddialara görə, dövlət televiziyası fəlakət haqqında ətraflı məlumat verməyib və ali dini lider zəlzələ baş verəndən 30 saat sonra başsağlığı verib.
Bu barədə beynəlxalq mediada, o cümlədən Britaniyada nəşr olunan The Telegraph qəzetində, Reuters agentliyində yazılar dərc olunub.
Prezident Əhmədinejadın hökuməti şənbə günü baş vermiş zəlzələyə xaotik cavab verməkdə təqsirləndirilir, Telegraph yazır və əlavə edir ki, iddialara görə, zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulan çadırlar, "möhtəkirlərin" əlinə düşüb.
Şərqi Azərbaycan əyalətinin əsas şəhəri Təbrizdən olan millət vəkili deyib ki, yerlilər yaralıları xəstəxanaya öz avtomobilində aparmağa məcbur ediliblər və Qızıl Xaç tərəfindən göndərilən 8 min çadır zəlzələ zonalarına çatmayıb.
Müəllif Robert Tait yazır ki, qan donorları üçün çağırışlar ilkin olaraq sosial mediada kommunikasiya edilib və dövlət telekanalı İRİB şənbə günü çox az məlumat verərək, əsasən komediya proqramları və Olimpiya Oyunlarının nümayişinə yer verib.
Şənbə günü Şərqi Azərbaycan əyalətində 6 bal gücündən artıq iki dəfə bir-birinin ardınca baş verən zəlzələlər onlarla kəndi dağıdıb və 16 min adamı evsiz qoyub.
"Bizim azərbaycanlı həyatımız qiymətli deyilmi?"
The Teleqraph yazır ki, iki nüfuzlu mühafizəkar qəzet Keyhan və Resalat bazar ertəsi nəşrlərində ilk səhifədə fəlakət barədə xəbərlərə yer verməyib. Ali Dini lider Ayətullah Əli Xameneyinin mövqeyini nümayiş etdirən Keyhan qəzeti zəlzələ əvəzinə Qərbin Suriyada "gizli planlarına" önəm verib.
"Ayətullah Xameneyi bazar gecəsinədək baş sağlığı verməyib, ondan öncə xarici liderlər rəğbət mesajı göndərib və kömək təklif edib" - müəllif yazır və əalvə edir ki, Ali Dini liderin mesajı İran Olimpiya atletlərinə təbrik mesajı dərc olunandan 25 dəqiqə sonra başsağlığı onun saytında yer alıb.
Heç kəs dini lideri birbaşa tənqidə cürət etməyib, ancaq "zəlzələ sonasına baş çəkmək əvəzinə Səudiyyə Ərəbistanına səfər edən cənab Əhmədinejadın ünvanına İRİB telekanalı çoxlu tənqid yağdırıb".
Millət vəkili Nader Ghazupour deyib ki, zəlzələyə münasibət İranın azərbaycanlə əhalisinə qarşı diskriminasiyadır. "Bizim azərbaycanlə həyatımız qiymətli deyilmi?" - o, parlamentə müracət edərək soruşub.
"Əhmədinejad, hardasan?"
Mühafizəlar Əsr-İran qəzeti "Cənab Əhmədinejad, hardasan?" başlıqlı yazı dərc etdirib və prezidentin Səudiyyə Ərəbistanında konfransın açılışına iki gün öncədən getməsini sual altına alıb, qəzet yazır.
Təbriz sakinləri və qanunvericiləri də dövlət televiziyasının zəlzələni öncə yetərincə işıqlandırmamasını tənqid edib və deyib ki, məlumatlar zərərin böyüklüyünü yam əks etdirməyib, Reuters yazır və əlavə edir ki, bu, hökumətin şimal-qərbi İranda çoxu azərbaycanlı türklər olan insanlar haqqında narahat olmaması barədə fikirlərə daha da təkan verib.
"Yüzlərlə insan dağıntılar altında ikən, telekanallar fəlakəti heç işıqlandırmayıb" - Təbrizi təmsil edən qanunverici Əlirza Manadi Safidan deyib, İSNA xəbər verir.
"Dövlət televiziyası İranın Olimpiadada neçə medal aldığını hesablamaqla məşğul idi", Təbrizdən olan doktor deyib. "Onlar bu hadisəyə heç bir reaksiya verməyiblər".
Dövlət televiziyasının nümayəndəsi parlamentdə bazar günü populyar komediya şousunun yayımlanmasına görə üzr istəyib, İRNA xəbər verir.

















