
Rəsmi Ankara Türkiyə sərhədi yaxınlığında Ermənistanın Metsamor yaşayış məntəqəsində yerləşən atom elektrik stansiyasının təcili olaraq bağlanmasını tələb edir.
Bunu TRT Haber televiziya şirkətinə müsahibəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri bəyan edib.
Taner Yılmaz Ermənistan atom elektrik stansiyasının 40 ildən artıq işlədiyini qeyd edib və köhnə AES-lərin ciddi təhlükə kəsb etdiyini bildirib.
Türkiyə mütəxəssisləri seysmik təhlükəli bölgədə köhnə tipli atom stansiyasının xüsusilə Azərbaycan, İran və Türkiyə üçün ciddi təhlükə kəsb etdiyini bildirir.
Təhlükəsizlik
Metsamor AES-i ətrafında diskussiya rəsmi Yerevanın atom stansiyasının istismar müddətini daha 10 il (2023-cü ilədək) müddətinə uzatmaq haqqında qərar qəbul etdiyindən sonra başlanıb.
ABŞ Ermənistan AES-nin təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcək. ABŞ-ın Metsamor stansiyasının istismar müddətini daha 10 ilə uzadılması məsələsi oktyabrın 20-də Yerevanda İqtisadi Məsələlər üzrə Ermənistan-ABŞ Dövlətlərarası Komissiyasının iclasında müzakirə edilib.
ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə müavini Eric Rubin'in sədrlik etdiyi iclasdan sonra energetika sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Sənədi Ermənistan tərəfindən energetika naziri Armen Movsisyan, ABŞ tərəfindən bu ölkənin Ermənistandakı səfiri John Heffern imzalayıblar.
Səfir Heffern ABŞ-ın Avropa Birliyinin atom stansiyasının 2016-cı ilədək dayandırılacağı mövqeyini bölüşdüyünü bildirib. Lakin Ermənistan hökuməti tərəfindən atom stansiyasının daha 10 il istismar edilməsi qərarı qəbul etdiyinə görə biz stansiyanın təhlükəsizliyini təmin etmək məsələsində erməni tərəfinə müvafiq resurslarla dəstəkləmək öhdəliyini götürmüşük, - o deyib.
Yeni blokun inşası
Ermənistan hökumətinin Metsamor AES-nin daha 10 istismar edilməsi qərarı yeni enerji blokunun tikintisi təxminən bu qədər vaxt tələb edir, deyib Ermənistan enerji naziri A. Movsisyan.
Ermənistan 1000 Meqavat gücündə yeni enerji bloku tikməyi planlaşdırır. Enerji Nazirliyinin hesablamalarına görə, bunun üçün təqribən 5 milyard dollar tələb olunur.
Daha əvvəl tikintinin maliyyələşdirilməsi haqda Rusiya ilə razılıq əldə edildiyi və Rusiya tərəfinin 1 milyard dollar ayıracağını vəd etdiyi bildirilmişdi. Lakin bu gün Rusiyanın vədlərini xatırlayan yoxdur.
2011-ci ildə Ermənistana səfəri zamanı Fransanın prezidenti Nicolas Sarkozy də Ermənistana yeni atom stansiyasının inşası işində yardım göstərməyi təklif etmiş və məsələni müzakirə etmək üçün Ermənistana Fransa mütəxəssislərini göndərəcəyini vəd etmişdi. Lakin Fransada yeni prezident seçildi və bu vədlər də kağız üzərində qaldı.
Ermənistan AES-i 1976-cı ildə işə buraxılıb. Hazırda stansiyanın yalnız gücü 407,5 Meqavat olan ikinci bloku işləyir və Ermənistanın elektrik enerji tələbatının təxminən 40 faizini ödəyir.

















