Ermənistanın nüvə mütəxəssisləri İranda işləyirlər

Metsamor AES-i
Şəklin alt yazısı, Metsamor Atom Elektrik Stansiyasının ilk bloku istismara 1976-сı ildə verilib.
Çap edildi

Son illər ərzində onlarla Ermənistan AES-nin mütəxəssisi İrana gedib və daha böyük maaşla Buşəhr Atom Elektrik Stansiyasında işləyirlər.

Metsamor AES-nin baş mühəndisi Movses Vardanyan son illər ərzində təxminən 20 erməni mütəxəssislərin yüksək maaşla Buşəhr AES-də işləməyə getdiklərini bildirir: “Pis kadrlar getmir, yaxşıları gedir”.

“Orada da şəraitlər ağırdır, hava çox istidir, lakin maaşlar böyükdür. Hazırda Buşəhr atom stansiyasında işləyən rəfiqəm deyir ki, bizim keçmiş əməkdaşlarımıza ayda 2500 dollara qədər maaş verirlər”, - bbcazeri.com müxbiri ilə söhbətində deyib Ermənistan AES-nin əməkdaşı.

Bu “yaxşı kadrların” ixtisaslaşmasını, onların, bədxah niyyətlərlə istifadə oluna bilən, hər hansı məxfi məlumata yaxud nüvə texnologiyalarına bələd olmasını öyrənmək mümkün olmadı. Çoxsaylı telefon zəngləri Metsamor AES-i rəhbərliyinin qəbul otağındakı qızdan o yana keçmirdi, lakin nəhayət o, Energetika Nazirliyinin icazəsi olmadan AES rəhbərliyinin məlumat verə bilmədiyini söylədi.

Xeyli zənglərdən sonra, nazirliyin mətbuat katibi Lusine Harutyunyan öyrənib cavab verdi ki, Energetika və Təbii Ehtiyatlar Nazirliyi atom stansiyasının sabiq əməkdaşlarının statistikasını aparmır və onların sonrakı taleyi haqqında məlumata bələd deyil. O ki qaldı son illər ərzində işdən azad olmuş əməkdaşların ixtisaslaşmasına, onun sözlərinə görə, onlar adi mühəndis-texniki işçilərdir və onların vəzifəsi AES-in müntəzəm işini təmin etmək olub.

“Yox əşşi, nə sirr? Onlar adi mühəndislər, operatorlar və təmirçilərdir. Orada da burda gördükləri işlə məşğuldurlar və iranlı həmkarlarına kadrlar hazırlamağa kömək edirlər. Onların bu tipli atom stansiyasında böyük iş təcrübəsi var”, - deyir keçmiş həmkarları ilə ildə bir dəfə onların məzuniyyəti zamanı Yerevanda görüşən Ermənistan AES-nin əməkdaşı.

Tətil sona çatıb

Bu arada Ermənistan Atom Elektrik Stansiyasının öz ərizələrinə əsasən işdən azad edilmiş 150-dən artıq mühəndis-texniki heyəti yenidən ərizə yazıb öz iş yerlərinə qayıdıblar.

Ermənistan Energetika və Təbii Ehtiyatlar Nazirliyi ilə daha əvvəl işdən azad olmaq haqqında ərizə vermiş əməkdaşlar arasında müzakirələrdən sonra, Ermənistan AES-i operativ heyətinin orta əmək haqqı 10 faiz artırılıb.

Movses Vardanyan
Şəklin alt yazısı, Ermənistan AES-nin baş mühəndisi Movses Vardanyan əməkdaşların narazılığını ədalətli hesab etsə də tətilə qatılmayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, operativ heyətin 400-dən çox əməkdaşının maaşları AES-in xərclərinin optimallaşdırılması hesabına artırılacaq. Nazirlik atom stansiyasının rəhbərliyi ilə əməkdaşlar arasında əmək haqqının AES-in daxili resursları hesabına 20-dən 30 faizə dək artırılması haqqında daha əvvəl əldə edilmiş razılığı rədd edib.

Əksəriyyəti stansiyanın istismarını təmin edən mütəxəssislər olan əməkdaşların kütləvi şəkildə azad olunması AES-in naməlüm müddətə məcburi konservasiyasına gətirə bilərdi.

Mühəndis-texniki heyətin üçdə birindən çoxu hələ sentyabr ayında maaşlarının 50 faiz artırılmasını tələb edib işdən azad olmaq haqqında ərizə vermişdirlər. Qanuna əsasən, ərizə verildiyi gündən bir ay sonra onlar avtomatik olaraq işdən azad olunmalıdırlar. Onlar öz tələblərini ərzaq mallarının mütəmadi surətdə bahalaşması ilə izah edirdilər.

Rəsmən Ermənistan AES əməkdaşlarının aylıq orta maaşı təxminən 278 min dram (740 dollar) təşkil edir. Lakin əməkdaşlar bu rəqəmin bir qədər şişirdildiyini bildirirlər.

“Məsələn, mənim aylıq maaşım 150 min dramdır, və aydan aya yaşamaq daha da çətinləşir. Bizim də işimiz eyni həcmdə və başqa ölkə atom stansiyaları kimi ağırdır. Lakin onların maaşı bizimkindən 2-3 dəfə artıqdır ”, - deyir adının çəkilməsini istəməyən Ermənistan AES-in əməkdaşı. Bu səbəbdən də, stansiya əməkdaşlarının sözlərinə görə, mütəxəssislər çıxıb gedir.

Ermənistan AES-nin baş mühəndisi Movses Vardanyan da sosial nöqteyi-nəzərdən əməkdaşların narazılığını ədalətli hesab edir, lakin özünün etirazlara qatılmadığını bildirir.

“Yaxşı ki, operativ heyətin əmək haqqını dekabrın birindən 10 faiz artırmaq haqqında razılığa gəlmək oldu”, - veyib Movses Vardanyan internetdə yayımlanan “A1+” teleşirkətinə.

Lakin, eyni mənbənin məlumatına əsasən, Energetika və Təbii Ehtiyatlar Nazirliyi Atom Energetikası İdarəsinin rəisi Aram Qevorqyan hesab edir ki, əməkdaşların öz tələbləri ilə AES-in işini pozmağa haqqı yoxdur. Onun sözlərinə görə, həmin əməkdaşlar “işə qəbul olunduqları zaman müvafiq sənəd imzalayıblar, odur ki, onlar öz hərəkətləriylə “Atom enerjisinin təhlükəsiz istifadə olunması haqqında ” qanunu pozublar”.