BBC

BBC navigation

Əhmədinejadın Bakıya gəlmə səbəbi "daha çoxdur"

İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 12-ci zirvə görüşündə iştirak üçün Bakıya gəlib, İranın İSNA agentliyi məlumat verir.

Agentlik yazır ki, onu prezident aparatının rəhbəri İsfəndiyar Rahim-Məşai, prezidentin baş köməkçisi Mojtaba Samareh-Haşimi və digər nazirlər müşayiət edir.

Səfər zamanı cənab Əhmədinejadın yerli və xarici ölkələrin rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər barədə müzakirələr edəcəyi planlaşdırılıb.

Səfərdən əvvəl yerli ekspertlər Əhmədinejadın Azərbaycana gələcəyindən "şübhələnirdi".

Şübhənin səbəbini isə prezident İlham Əliyevin avqustda Tehranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısına getməməsi ilə əlaqələndirildi.

Məsələni BBC Azərbaycancaya şərh edən müstəqil politoloq Qabil Hüseynli deyir ki, cənab Əliyevin hərəkəti elə bir vaxtda idi ki, Azərbaycan-İran münasibətləri "dramatik məqamını" yaşayırdı :

"Tərəflər bir-birini ittiham edirdi, Azərbaycanın İsrallə 1.6 milyardlıq silah alış-verişi İrana ağrıdıcı idi", Hüseynli qeyd edir.

Həmin vaxtda İranın Azərbaycana xəbər vermədən Xəzərin Azərbaycan hissəsində geoloji kəşfiyyat işləri aparmasını da, ekspert "pisləşmiş münasibətlə" bağlayır.

"İran düşdüyü ağır vəziyyətdən çıxmaq üçün nəfəslik axtarır və indi Azərbaycan İrana həmişəkindən daha çox lazımdır"

Qabil Hüseynli, politoloq

Hüseynli hazırda Əhmədinejadın Bakıya gəlmək üçün "daha çox" səbəbi olduğunu deyir :

"İran düşdüyü ağır vəziyyətdən çıxmaq üçün nəfəslik axtarır və indi Azərbaycan İrana həmişəkindən daha çox lazımdır. Həm iqtisadi vəziyyətini az da olsa, canlandırmağa, həm də sanksiyalara qarşı durmaq üçün".

Əhmədinejadın səfər zamanı Türkiyə, Türkmənistan və Özbəkistanın rəsmiləri ilə görüşmə şansının olduğunu deyən politoloq İranın hazırki vəziyyətini izah edir:

"Oktyabrdan İrana qarşı sanksiyalar öz nəticələrini verir, inflasiya başlayıb, İran valyutası ABŞ dollarına nisbətdə 30 dəfə dəyərini itirib, bu səbəbdən əhalini alıcılıq qabiliyyətivə yaşayış vəziyyəti aşağı düşüb".

Məhz sadalanan problemlərə görə İranın Azərbaycana ehtiyacı yarandığını deyən Hüseynli münasibətlərin düzəlmə yolunu təsvir edir:

Mahmud Əhmədinejad və İlham Əliyev

"İran Səhər kanalına Azərbaycana qarşı verilişlər hazırlamaq qadağan etdi, Azərbaycan da əks addımlar atdı. ABŞ konqresmeni Dana Rohrabakerin İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasına dair qətnamə layihəsi yerli deputatlar tərəfindən ajiotaj yaratmaq kimi təqdim edildi".

1985-ci ildə İran, Pakistan və Türkiyənin yaratdığı İqtisadi Əməkdaşlıq Təşkilatı bütün üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir.

Bu il Azərbaycanın sədrlik etdiyi təşkilatın müzakirə dairəsi kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləridir.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.