İran ikili vətəndaşlığı olan şəxsi “Britaniyaya casusluğa” görə saxlayıb

Çap edildi

İkili vətəndaşlığı olan iranlı, Britaniya kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs edilib, İranın dövlət xəbər agentliyi bildirir.

İRNA Tehrandan olan prokuror General Abbas Cəfəri-Dövlətabadiyə istinadən bildirib ki, şübhəli şəxs “İranla bağlı iqtisadi sahədə fəal olub”.

Cənab Cəfəri-Dövlətabadi şübhəli şəxsin adını və onun ikinci vətəndaşlığını açıqlamayıb.

Britaniya Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı şərh gəlməyib.

İranın İnqilab Keşikçiləri keçən ildən bəri azı altı digər ikili vətəndaşlığı olan şəxsi həbs edib və onlara qarşı təhlükəsizliklə bağlı ittihamlar irəli sürüb.

Onların arasında aprel ayında Britaniyaya qayıtmağa çalışarkən Tehran aeroportunda həbs edilmiş Britaniya və İran vətəndaşlığı olan <link type="page"><caption> Nazanin Zaghari-Ratcliffe</caption><url href="http://www.bbc.com/azeri/international/2016/07/160712_iranian_british_trial" platform="highweb"/></link> də var.

Xeyriyyə təşkilatında işləyən xanım Zaghari-Ratcliffe iki yaşlı qızı ilə birgə İranda istirahətdə olub.

Onun əri Richard Ratcliffe bazar ertəsi BBC-ə bildirib ki, onun İranda rejimi devirməyə çalışması ilə bağlı ittihamlar “absurddur”.

İran ikili vətəndaşlığı qəbul etmədiyi üçün xarici diplomatlar vətəndaşlarının həbsi zamanı müdaxilə edə bilmirlər.