Ermənistanda Aİİ-dən çıxmaq təşəbbüsü

Ermənistan Milli Məclisinin üzvü, Azad Demokratlar Partiyasının sədri Xaçatur Kokobelyan parlamentə “Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq prosesinə başlamaq haqqında” ərizə layihəsini təqdim edib.
Sənədin müəllifi hesab edir ki, Ermənistanın sözügedən quruma üzvlüyü nəticəsində nə gözlənilən iqtisadi inkişaf, nə də “ümid edilən təhlükəsizlik amilinin” möhkəmlənməsi baş tutub. Aprel ayının əvvəlində Qarabağ təmas xəttində vəziyyətin gərginləşməsi fonunda isə, Aİİ üzv ölkələri, Kokobelyanın sözlərinə görə, bu qurumun üzvü olan Ermənistana etinasızlıq göstəriblər.
“Avrasiya İqtisadi İttifaqının yaradılması müqaviləsində bu qurumun sırf iqtisadi birlik olduğu qeyd olunur, lakin Azərbaycanın DQR-ə qarşı aqressiv hərbi əməliyyatlar tətbiq etdiyi günlərdə Aİİ-yə üzv ölkələri təşkilat şurasının Yerevanda nəzərdə tutulan iclasında iştirak etməkdən imtina edib, onun Moskvada keçirilməsini tələb etdilər. Yerevan iclasının ləğv edilməsi onunla izah olundu ki, onun hərbi əməliyyatlar fonunda keçirilməsi Azərbaycanın xətrinə toxuna bilər”, - müxalifətçi millət vəkili Xaçatur Kokobelyanın parlamentə təqdim etdiyi ərizə layihəsində deyilir.
Ərizə layihəsində deyilir ki, “Ermənistan, DQR və bütün ermənilər üçün bu mürəkkəb məqamda“ Aİİ ölkələri bu addımla “ittifaqın tamhüquqlu üzvü olan ölkənin dövlət maraqlarına etinasızlıq göstərərək, ittifaq üzvü olmayan bir ölkənin siyasi maraqlarına xidmət ediblər”.
“Aİİ üzv ölkələrin bu kimi davranışı onun iqtisadi deyil, daha çox, səmərəsiz siyasi-iqtisadi birlik olduğunu bir daha təsdiq edir. Yuxarıda deyilənləri nəzərə alaraq, Ermənistan prezidenti və hökumətinə Ermənistanın Aİİ-də üzvlüyünün ləğv edilməsi prosesinə başlanılması təklif edilsin“, - ərizə layihəsində deyilir.
Sənəddə Ermənistanın Aİİ-yə daxil olması haqqında 29 may 2014-cü il tarixli müqavilənin müddəalarına əsasən, cari ildə nəzərdə tutulan, məsələn, “sosial tərəqqi və xalqların rifahı naminə üzv ölkələr arasında daha sıx inteqrasiya, daha sıx iqtisadi əlaqələrin təmin olunması istiqamətində addımlar atmaq” kimi heç bir tədbirin “faydası” görünmədiyi qeyd olunur.
Millət vəkili, əksinə, 2015-ci il ərzində, hətta rəsmi statistikaya əsasən, ixracatın 4,7 faiz aşağı düşməsi fonunda, bu göstəricinin xüsusilə Aİİ ölkələri ilə münasibətdə daha böyük olduğunu qeyd edir. Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonrakı il ərzində Ermənistandan Rusiya Federasiyasına ixracatın həcmi 28,1 faiz, Belarusa – 41,9 və Qazaxıstana – 30,1 faiz azalıb.
Sənəddə Ermənistanın sözügedən quruma üzv olması sayəsində nəinki iqtisadi inkişaf təmin etməyib, birbaşa xarici investisiyaları azaldaraq ölkəni iqtisadi blokada ilə üzləşdirib. Bundan başqa, Ermənistanın üzvlüyü siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəni yeni imkanlardan məhrum edərək, təhlükəsizlik amilini də artırmayıb.
























