Rus rublu eniş ardınca bir qədər bahalaşıb

Şəklin mənbəyi, Reuters
Moskva birjasında ticarət sessiyasının açılışından əvvəl dəyərini itirən rus valyutasının məzənnəsi təqribən 80 rubl səviyyəsində qərarlaşıb.
Səhər saatlarında 1 ABŞ dolları 80,34, avro isə 87 rubla satılıb.
Cümə axşamı dollara nisbətdə rus valyutasının məzənnəsi 84 rubldan yuxarı olub.
Kəskin ucuzlaşmadan sonra Rusiyanın Mərkəzi Bankı cümə gününə dolların kursunu 83,59, avronu isə 91,18 rubl dəyərində müəyyənləşdirib.
Cümə axşamı “Alfa-bank”ın baş iqtisadçısı rublun qəfil düşməsini mərkəzi bankın daha əvvəl verdiyi bəyanatı ilə izah edib.
Beləki, Rusiya Bankının nümayəndəsi Bloomberg-ə müsahibəsində bildirib ki, rublun məzənnəsi fundamental qiymətlərə yaxındır və ona görə də bazara valyuta müdaxiləsi ilə girməyə lüzum yoxdur.
Rubl neft qiymətlərinin artması fonunda möhkəmlənir.
Cümə günü Brent markalı neftin bir bareli təxminən 31 dollara satılıb.
Cümə axşamı neftin qiyməti 28 dollar civarında olub.
























