Suriyada ölmüş Rusiya əsgəri bu gün dəfn olunur

Mərhumun valideynləri intihar versiyasına inanmırlar
Şəklin alt yazısı, Mərhumun valideynləri intihar versiyasına inanmırlar
Çap edildi

Rusiyanın cənubundakı Kuban bölgəsində Suriyada həlak olmuş müqavilə əsasında xidmət edən hərbçinin dəfn mərasimi keçiriləcək.

Vadim Kostenkonun cənazəsi Qreçanaya Balka kəndinə ötən gün gətirilib.

Əsgərin ölümü barədə sosial media məlumatları əsasında hazırlanan xəbəri oktyabrın 27-də Conflict Intelligence Team (CIT) qrupunun bloqqerləri yayıb.

CIT Vadim Kostenkonun 24 oktyabrda öldürüldüyünü bildirir. Həmin gün, məlumatlara görə, Suriya müxalifət qüvvələri Rusiyanın Hmeymim hərbi bazasına hücum ediblər.

Ancaq bununla yanaşı, təhqiqatın müəllifləri Kostenkonun məhz hərbi əməliyyatlar zamanı ölməsindən əmin deyillər və bunun bədbəxt hadisə ola biləcəyini də istisna etmirlər.

Əsgərin ölümü barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi təsdiq edib. Hərbi idarə onun intihar etdiyini bildirir. Hərbçinin aldığı sms mesajlarına istinad edən nazirlik mərhumun sevgilisilə problemlərin olduğunu bildirir.

Kostenkonun valideynləri intihar versiyasına inanmadığını deyiblər.

"Biz hər gün yarım saata kimi telefonla danışırdıq, - jurnalistlərə əsgərin anası Svetlana Kostenko bildirib. - Şənbə günü o şən və xöşbəxt idi, gülürdü”.

Müdafiə Nazirliyi hadisənin hərtərəfli araşdırılacağını vəd edib.

Nazirliyin mətbuat xidməti Suriyadakı baza ərazisində əsgər ölümü ilə bağlı Hərbi Prokurorluq tərəfindən istintaqın aparıldığını bildirib.

İlk araşdırma nəticələrinə əsasən əsgər şəxsi həyatı ilə bağlı səbəblərə görə özünü asıb.

Hərbi Prokurorluq bildirir ki, onun ölümünün səbəbi məhkəmə-tibb ekspertizası tərəfindən də təsdiq edilib.