Rusiya “İmarat Kavkaz” liderinin öldürüldüyünü təsdiq edib

Əməliyyat zamanı hüquq-mühafizə orqanları itki verməyib.
Şəklin alt yazısı, Əməliyyat zamanı hüquq-mühafizə orqanları itki verməyib.
Çap edildi

Rusiyanın Milli Antiterror Komitəsi “İmarat Kavkaz” (Qafqaz Əmirliyi) radikal qruplaşmasının lideri Maqomed Suleymanovun həlak olduğunu təsdiq edib. O həm də Əbu Usman Gimrinski adı ilə tanınırdı.

Suleymanov Dağıstandakı Ulsukul rayonunda hüquq-mühafizə orqanları ilə döyüşdə həlak olub.

Komitədən bildiriblər ki, indiyə olan məlumata görə, 4 silahlı öldürülüb. Onların arasında Suleymanovdan başqa Kamil Saidov da var. Komitə onu Dağıstan gizli quldur dəstəsinin başçısı və Suleymanovun sağ əli adlandırır.

Dağıstan döyüşçülərinin Rusiyada bloklanmış “Vilayat Dagestan” saytında dərc olunmuş xəbərdə həmçinin bildirilir ki, qruplaşmanın döyüş komandiri öldürülüb, lakin bir neçə silahlı mühasirəni yara bilib.

Bundan əvvəl xəbər verilmişdi ki, həlak olan döyüşçülərin üstündən üç avtomat, iki tapança və başqa sursat tapılıb. Rusiyanın Milli Antiterror Komitəsinin dərc etdiyi fotodan görünür ki, qruplaşma Rusiya istehsallı silahlardan başqa, həm də Avstriya silahlarından istifadə edir.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları itki verməyib. Komitə xəbər verir ki, hazırda qaçmış silahlıların təqibi əməliyyatı davam etdirilir.

Maqomed Suleymanov Rusiyada terrorçu təşkilat kimi tanınan “İmarat Kavkaz” qruplaşmasının başçısı vəzifəsini bu ilin mayında, çeçen separatçıların keçmiş lideri Aliashab Kebekov öldürüldükdən sonra tutub.

Suleymanov hələ 2005-ci ildən bəri axtarışda idi. O Şimali Qafqazda bir sıra hay-küylü qətllərin törədilməsində şübhəli bilinir. Onun tərəfdarı Kamil Saidov isə regionda baş vermiş bir neçə terror aktı üçün məsul sayılır.