Rusiya: Yevgeni Primakov 85 yaşında vəfat edib

Şəklin mənbəyi, Getty
Rusiyanın keçmiş baş naziri və xarici işlər naziri Yevgeni Primakov Moskvada 85 yaşında vəfat edib.
Rusiya prezidenti Vladimir Putin siyasətçinin ölümü ilə əlaqədar başsağlığı verib.
"Prezidentə Yevgeni Maksimoviç Primakovun vəfat etməsi barədə kədərli xəbər verilib, prezident Yevgeni Maksimoviçin qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir," prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə Putin Primakovla təxminən bir ay bundan əvvəl görüşüb. Primakov prezidentə öz yeni kitabını göndərəndən sonra, Putin onu görməyə gedib.
Peskovun dediyinə görə, Putin hər zaman Primakovun dünya prosesləri ilə bağlı dərin fikirlərinə maraq göstərib, "xususilə də belə bir adi olmayan şəraitdə".
Onun dediyinə görə, Putin Primakovu tanıyırdı və onun silahdaşı idi.
Primakovun qohumları siyasətçinin ölüm xəbərini təsdiqləyib.
Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Primakov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Primakov 1929-cu il oktyabrın 29-da Kiev şəhərində anadan olub.
1953-ü ildə Moskva Şərqsünaslıq İnstitutunun ərəb dili şöbəsini bitirib və ərəb ölkələri mütəxəssisi diplomu alıb, sonra isə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasını bitirib.
1959-cu ildə o, Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olub.
1989-1990 illər ərzində SSRİ Ali Soveti İttifaqlar Şurasının sədri olub, 1991-ci ildə SSRİ mərkəzi kəşfiyyat xidmətinin rəhbəri, sonra isə (1991-1996) Rusiyanın xarici kəşfiyyat xidmətinin direktoru olub.
Primakov 1996-1998-ci illərdə Rusiya Federasiyası xarici işlər naziri, 1998-1999-da Rusiya hökumətinin sədri və 2001-2011-də isə Rusiya Ticarət və Sənaye Palatasının sədri vəzifələrində çalışıb.
























