Rusiya: Xakasiyada yerə siqaret kötüyü atan telejurnalist "cəzalandırılacaq"

Bu ilin əvvəlindən Rusiyada yanğınlar nəticəsində 34 adam həlak olub.
Şəklin alt yazısı, Bu ilin əvvəlindən Rusiyada yanğınlar nəticəsində 34 adam həlak olub.
Çap edildi

Rusiya Birinci televiziya kanalının jurnalisti Xakasiyada közərən siqaret kötüyünü yerə tulladığına görə "cəzalandırılacaq".

Telekanal rəhbərliyi Xakasiyada yanğınlar barədə süjet hazırlamış müxbirini cəzalandıracağına söz verib.

Mətbuatın xəbər verdiyinə görə buna səbəb yerli sakinlərdən birinin jurnalist Mixail Akinçenkonun hərəkəti barədə yazdığı şikayət ərizəsi olub.

Ərizədə bildirilib ki, yanğınlar barədə süjet çəkmək üçün jurnalist közərən siqaret kötüyünü yerə atıb, nəticədə ətrafdakı ot sahəsində yanğın başlayıb.

Ərizədə qeyd olunmuş məlumat polis tərəfindən yoxlanılır.

Telekanalın mətbuat xidməti Xakasiyanın Şirinsk rayonunda çəkiliş aparan qrupun insidentdə iştirakını təsdiq edib.

"Közərən siqaret kötüyü ilə bağlı insident olub. Çəkiliş qrupu tərəfindən səhlənkarlığa yol verənlər cəzalandırılacaq", Birinci kanalın mətbuat xidməti bildirib.

Eyni zamanda informasiya proqramları müdiriyyəti jurnalistin işdən qovulmayacağını da qeyd edib.

Jurnalistə hansı cəzanın veriləcəyi dəqiqləşdirilmir.

Aprelin 11-i və 12-də Xakasiyada eyni zamanda bir neçə güclü yanğın baş verib, nəticədə 40-dək yaşayış məntəqəsi yanıb, 5 min adam evsiz-eşiksiz qalıb.

Ekspertlərin fikrincə, irimiqyaslı meşə yanğınlarının səbəbi yerli sakinlərin odla ehtiyatsız davranması və quru otun bilərəkdən yandırılması ilə bağlıdır.

Rəsmi məlumatlara əsasən, bu ilin əvvəlindən Riusiyada baş vermiş yanğınlar nəticəsində 34 adam həlak olub.