Litvinenko işi: Luqovoy 2014-cü ildə $603,000 qazanıb

Şəklin mənbəyi, RIA Novosti
Londonda Rusiya xüsusi xidmətlərinin sabiq əməkdaşı Aleksandr Litivinenkonu qətlə yetirməkdə şübhəlilərdən biri, millət vəkili Andrey Luqovoy ötən il 30.5 ($603,000) milyon rubl qazanıb.
Rusiya Dövlət Duması üzvünün altı evi var, onun təqdim etdiyi Gəlirlər deklarasiyasında deyilir.
Aleksandr Litivinenko 2006-cı ildə radioaktiv polonium maddəsi ilə zəhərləndirilərək öldürülüb.
Andrey Luqovoy onun qətlilə ilə bağlı ittihamları rədd edir.
Rusiya millət vəkillərinin illilk gəliri 3-5 milyon rubl civarındadır.
Cənab Luqovoy Rusiya parlamentinə 2007-ci ildə seçilərək deputat toxunulmazlığını qazanıb.
Dövlət Dumasında prezident Vladimir Putinin tərəfdarları əksəriyyət təşkil edir.
Gəlirlər deklarasiyası aşağı məvəciblər və qiymətlərin qalxması ilə bağlı narazılıq əhval-ruhiyyəsi fonunda açıqlanıb.
Bu narazılığın əlamətləri cümə axşamı prezident Putinin rusiyalıların suallarına cavab verərkən özünü büruzə verib.
Rusiya elitası
Millət vəkillərinin maaşı Rusiyadakı orta əmək haqqından 10 qat artıqdır.
Almaniyada millət vəkillərinin maaşı orta əmək haqqından təxminən iki dəfə, ABŞ-da Konqres üzvlərinin maaşı isə üç dəfə çoxdur.
Bəzi rusiyalı millət vəkilləri cənab Luqovoydan daha çox qazanıb - tanınmış ifaçı İosif Kobzon 2014-cü ildə 93 milyon rubl gəlir əldə edib.
Cənab Luqovoy həmçinin beş evə və bir mənzilə sahibdir. Onlardan üçü bağ evidir.
Ən çox maaş alan, cənab Putinin Vahid Rusiya partiyasından olan millət vəkili Qriqori Anikeyev olub. O, 1 milyard rubla yaxın gəlir əldə edib.
Cənab Putinin özü 2014-cü ildə 7.6 milyon rubl qazanıb. Bu, 2013-cü ildəki gəlirlərin iki misli qədərdir, bu həftə dərc edilmiş Kreml rəqəmlərindən aydın olur.
Cənab Putin 1,500 kv metr ərazisi olan evə, bundan başqa mənzilə və qaraja sahibdir. O həmçinin rəsmi mənzil və qarajdan istifadə edir, bəyanatda deyilir.
Rəqəmlərə görə, Kremldə cənab Putinin ətrafında olan bəzi rəsmilər ondan daha çox qazanıb.

























