Yerevan: vurulan helikopter pilotlarının cəsədlərinin qaytarılması tələbilə aclıq aksiyası

Şəklin mənbəyi, BBC World Service
Yerevanda Jaranqutyun (İrs) Partiyasının nümayəndəsi Davit Sanasaryan cəbhə bölgəsində Azərbaycan tərəfindən vurulan erməni helikopteri təyyarəçilərinin meyitlərinin qaytarılmamasına qarşı ATƏT-in ofisi önündə müddətsiz aclıq aksiyası elan edib.
Bu barədə öz Facebook səhifəsində məlumat verən İrs Partiyasının mətbuat katibi Davit Sanasaryan etiraz aksiyasını noyabrın 12-də helikopterin vurulduğu vaxt – saat 13:45-dən başladığını yazıb.
“Mən üç pilotun meyitlərinin qaytarılmamasına etiraz edirəm. Bu, tək Müdafiə Nazirliyinin işi deyil. Ölkəmizdə etibar etdiyim bir qurum varsa, Müdafiə Nazirliyidir. Əminəm ki, düşmənin cavabı veriləcək, bilirəm ki, cəsədləri düşmən atəşi altından çıxara bilərlər, aydındır ki, yeni insan tələfatından qacınmaq istəyirlər... Bəs ATƏT-in Minsk Qrupu erməni helikopterin ekipajı üzvlərinin meyitlərinin qaytarılması üçün nə iş görüb?” – Davit Sanasaryan Facebook səhifəsində qeyd edib.
“Mənim Azərbaycan tərəfinə tələbim yoxdur. Mənim tələbim ATƏT-in mandatı sayəsində münaqişənin tənzimləməsilə məşğul olan Minsk Qrupunadır. Onların və beynəlxalq aləmin reaksiyasını qeyri-adekvat hesab edirəm. Hadisədən bir neçə gün keçib, lakin heç bir tədbir görülməyib”, - Sanasaryan deyir.
Davit Sanasaryan beynəlxalq təşkilatlardan və ilk növbədə Minsk Qrupundan “erməni təyyarəçilərin meyitlərinin qaytarılması istiqamətində ciddi tədbirlər” görməyi tələb edir.
“Faktiki, elə çixir ki, bütün bu görüşlər və çağırışlar formal xarakter daşıyır və Azərbaycan onlara etinasızlıq göstərir. Mən nə müharibə istəyirəm, nə də vəziyyətin gəlginləşməsini. Mən tələb edirəm ki, onlar [Minsk Qrupu] öz vəzifə borclarına ciddi yanaşsınlar”, - deyə Davit Sanasaryan tələbinin təyyarəçilərin cəsədlərinin qaytarılmasına kömək etməyə qadir olan təşkilatlara, o cümlədən, Qızıl Xaç Komitəsinə ünvanlandığını bəyan edib.
O, tələbi yerinə yetirilməyincə ATƏT ofisi qarşısında aclıq aksiyasını davam etdirəcəyini bəyan edib.
ATƏT-in Yerevan ofisi rəhbərinin müavini William Hanlon Sanasaryanla görüşüb və öz mandatına əsasən, ATƏT-in Dağlıq Qarabağ məsələsi ilə məşğul ola bilmədyini deyib.
ATƏT rəsmisi yalnız Sanasaryanın şikayətini təşkilatın Katibliyinə ötürmək səlahiyyətində olduğunu bildirib.
Erməni tərəfi vurulan helikopterlərin düşdüyü "neytral ərazinin" Azərbaycan tərəfindən şiddətli atəşə tutulduğuna görə, pilotların meyitlərini çıxarmağın mümkün olmadığını bildirib.

























