Poroşenko Donbassın xüsusi statusunu ləğv etmək istəyir

Poroşenko
Şəklin alt yazısı, Poroşenko Donbassın xüsusi statusnun ləğv edilməsi barədə düşünür
Çap edildi

Ukrayna prezidenti Petro Poroşenko ölkənin Təhlükəsizlik və Müdafiə Şurasında Donbasın xüsusi statusu barədə qanunun ləğv olunması məsələsini qaldırmaq niyyətində olduğunu bildirib.

Poroşenkonun təbirincə, Donbassda "saxta seçkilərin" keçirilməsi həmin qanunu qüvvədən salıb və vəziyyəti xeyli gərginləşdirib.

"Tərəflər Minsk protokolunun şərtlərini yerinə yetirəcəyi halda biz yeni qanun qəbul etməyə hazırıq", Ukrayna prezidenti vurğulayıb.

Prezidentin təbirincə, Ukraynanın ərazi bütovlüyünü pozmamaq şərtilə gələcəkdə Donbass regionu azad iqtisadi zona da elan oluna bilər.

Sentyabr ayında Ukraynanın şərqində atəşkəs elan olunandan və Minskdə bir sıra razılaşmalar əldə edildikdən sonra Ali Rada Donbassın bəzi rayonlarına xüsusi status verilməsi barədə qanun qəbul etmişdir.

Ukrayna lideri bəyan edib ki, Donbassın mərkəzsizləşdirilməsini davam etdirmək üçün separatçılar noyabrın 2-də keçirilmiş seçkilərdən "imtina etməlidirlər".

Bazar günü DXR (Donetsk Xalq Respublikası) və LXR-də (Luhansk Xalq Respublikası) keçirilmiş seçkiləri prezident Poroşenko "silah altında keçirilmiş fars" adlandırıb.

BMT, Aİ və ABŞ Ukraynanın şərqində keçirilmiş səsverməni pisləyərək seçkilərin qeyri-legitim və Minsk protokollarına zidd olduğunu vurğulayıblar.

Prezident Poroşenko Donbassda Aİ və Rusiya ilə xüsusi ticarət rejiminə malik olacaq azad iqtisadi zonanın yaradılmasına dair qanun layihəsini Ali Radaya gələcəkdə təklif etmək niyyətində olduğunu bildirib.

Ukrayna prezidentinin təbirincə, mərkəzi hakimiyyət tanınacağı halda Donbassda dağıdılmış infrastrukturu xarici partnyorların köməyilə bərpa etmək mümkündür.

"Ləğv mümükünsüzdür"

Bu arada Donetskdə separatçı liderlərdən biri Andrey Purgin noyabrın 2-də keçirilmiş seçkilərin ləğvinin mümkünsüz olduğunu vurğulayıb.

"Noyabrın 2-də keçirilmiş seçkilər Minsk protokollarına zidd deyil", Purgin bildirib.

2 noyabr seçkilərindən sonra separatçı liderlər özlərini əhalinin qanuni təmsilçiləri, nəzarət etdikləri regionları isə Kiyevdən asılı olmayan müstəqil ərazilər kimi təqdim edirlər.

DXR və LXR liderləri vurğulayırlar kı, onlarla razılaşdırılmadan, Ukraynanın heç bir qanunu separatçıların nəzarətində olan ərazilərdə işləməyəcək.

"Biz Kiyevlə müxtəlif sahələrdə danışıqların davam etdirilməsinə hazırıq, lakin siyasi alyans barədə söhbət gedə biməz", özünü DXR baş nazirinin müavini kimi təqdim edən Andrey Purgin qeyd edib.