Volleybol matçına görə iranlı-britaniyalı fəala həbs cəzası kəsilib

Şəklin mənbəyi, Free Ghoncheh Ghavami
Kişilər arasında keçirilən volleybol matçını izləməyə cəhd edəndən sonra İranda saxlanılan britaniyalı-iranlı qadın bir illik həbs cəzası alıb, onun vəkili deyir.
25 yaşlı Ghoncheh Ghavami rejimə qarşı təbliğat aparmaqda təqsirli bilinib, vəkil Alizadeh Tabatabaie bildirib.
İran qadınların volleybol matçlarını izləməsini 2012-ci ildə qadağan edib.
İran hakimiyyəti deyir ki, qadınları özlərini əxlaqsız aparan kişi azarkeşlərdən qorumaq lazımdır.
Amnesty International xanım Ghavamini vicdan məhbusu adlandıraraq onun dərhal azadlığa buraxılmasına çağırış edib. 700 000-dən çox adam hakimiyyətdən onu azad etməyi tələb edən onlayn petisiyanı imzalayıb.
Ghoncheh Ghavami iyunun 20-də İran-İtaliya matçını izləməyə cəhd edən qadınlardan biri idi.
İddia edildiyinə görə qadınlar həbs olunandan sonra döyülüb, amma azad edilib.
Ghoncheh Ghavami isə daha sonra yenidən həbs edilib və məhkəmə qarşısına çıxarılıb. Oktyabrda o, karserə salınandan sonra aclıq aksiyasına başlamışdı.
Birləşmiş Krallıq Xarici İşlər Nazirliyi həmin vaxt demişdi ki, Britaniya vətəndaşının saxlanıldığı barədə məlumatı var amma İranda Britaniya vətəndaşlarına kömək etmək imkanları məhduddur.
























