Ukrayna qaz borclarına görə Qazproma “1,45 mlrd dollar ödəyib”

Ukrayna
Şəklin alt yazısı, Sazişə görə Ukrayna vasitəsilə Aİ ölkələrinə nəql edilən qaz təchizatı davamlı olacaq
Çap edildi

Qazprom "Naftoqaz Ukrayna" şirkətindən borc müqabilində ilk tranş olaraq 1,45 milyard dollarlıq ödənişi qəbul etdiyini təsdiqləyib.

Borcun bir hissəsinin qarşılandığı barədə açıqlama ilə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov çıxış edib.

Qazpromun rəhbəri Aleksey Miller deyib ki, Ukraynaya qaz təchizatı ilk tranşın daxil olmasından sonra 48 saat ərzində bərpa oluna bilər.

Bundan əvvəl Rusiya-Ukrayna arasında qaz sazişi imzalanıb.

Avropa İttifaqının əldə etdiyi saziş nəticəsində Rusiya qış ərzində Ukraynaya qaz təchizatını bərpa etməyə razılaşıb.

Sazişə görə Ukrayna vasitəsilə Aİ ölkələrinə nəql edilən qaz təchizatı da davamlı olacaq.

"Beləliklə qışda Avropada adamların soyuq olmasına heç bir səbəb yoxdur", Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso deyib.

Aİ-nin enerji üzrə rəhbəri Günther Oettinger deyib ki, Ukraynanın ehtiyac duyduğu qaz üçün ödəniş etməyə imkanı olduğuna əmindir.

Razılaşma Rusiya ilə Ukrayna arasındakı gərginlikləri azaltmaq üçün "ilk ümid işığıdır", cənab Oettinger əlavə edib.

Ukrayna
Şəklin alt yazısı, Razılaşma imzalanandan sonra Gazprom başçısı Alexey Miller (solda) Ukraynanın Naftogaz şirkətinin başçısı Andriy Koboleva əl verir

Sazişdən öncə Aİ rəsmilərilə Rusiya və Ukrayna enerji nazirləri arasında danışıqlar aylarla davam edib.

Şərtlərə əsasən Aİ Ukraynanın Rusiyadan aldığı qaz üçün zəmanətçi olacaq və Ukraynanın borclarını ödəməyə kömək edəcək.

Ümumi paketin dəyəri 4,6 milyard dollardır (3,61 milyard AZN). Vəsaitlər Beynəlxalq Valyuta Fondundan və Aİ-dən gələcək.