İsveçin "yaraşıqlı naziri" türkləri həyəcanlandırıb

Gabriel Wikstrom
Çap edildi

İsveçin yeni səhiyyə naziri çoxunu həyəcanlandırıb - amma İsveçdə yox, Türkiyədə. Bu isə onun Twitterdəki fotosuna görədir.

Ötən həftə 29 yaşlı Gabriel Wikstrom-un Twitterdə cəmi bir-iki min izləyicisi var idi. Bazar gününə qədər bu rəqəm 25 000-ə yaxınlaşıb və hələ də qalxmaqdadır. Onun fanatları onu "Yakışıklı Bakan" ("Yaraşıqlı Nazir") adlandırırlar.

O deyir ki, bunun necə baş verdiyini anlamasa da, hər şey Türkiyə ilə başladı.

"Çox izləyicisi olan bir şəxs haqqımda tvitləyib. Bazar ertəsi Türkiyədən çoxlu yeni izləyici qazandım deyə onlara "xoş gəldiniz" demək istədim", o deyir.

"Nahar vaxtı hökumətdəki digər nazir Mehmet Kaplan mənə kömək etdi ki, türkcə qısa bir mesaj yazım. Bundan sonra hər şey daha da sürətləndi".

"Türkiyədəki təqibçilərimə xoş gəldiniz deyirəm və təşəkkür edirəm", o yazıb.

Gabriel Wikstrom

Həmin tviti 8 000-dən çox adam paylaşıb, 17 000-dən çox adam öz "seçilmişlər" siyahısına salıb.

"Etiraf etməliyəm ki, buna görə çox məmnunam. Amma məncə sadəcə görkəmə görə deyil, deyəsən yaşıma və nazir vəzifələrimin ciddiliyinə də aiddir - həm səhiyyə, həm də idman", o deyir. "Belə başa düşdüm ki, bu, Türkiyədə kifayət qədər nadir haldır".

"Mən bir nümunə olub gəncləri siyasətə cəlb edə bilsəm, məncə bu, çox yaxşıdır".

Wikstrom onun görkəminə bu qədər diqqət ayrılmasına qarşı deyil və bunu sadəcə kompliment kimi qəbul etdiyini deyir. Türklər isə onu isveçlilərdən daha yüksək qiymətləndiriblər, o əlavə edir.

Nazir həmçinin Türkiyədə bir dəfə olduğunu bildirsə də deyir ki, səfərin çox qısa müddətli olduğuna görə qayıtmaq niyyətindədir.

Gabriel Wikstrom

Amma ona göndərilən tvitlərdən birində xəbərdarlıq edilir: "Qardaş sən Türkiyəyə gəlmə, məncə bizim qızlar səni diri-diri yeyər".