Rusiya Şahzadə Charles-ın Putin barədə şərhinə görə görüş istəyib

Şəklin mənbəyi, Reuters
Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi ilə Rusiya diplomatının görüşündə Şahzadə Charles-ın Rusiya prezidenti haqqında iddia edilən şərhləri müzakirə ediləcək.
Kanadada olan Şahzadə Charles ilə görüşən polşalı mühacir deyib ki, onunla söhbət zamanı şahzadə Nasistlərin Avropada bəzi hərəkətlərilə Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini müqayisə edib.
Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiyanın təşəbbüsü ilə Britaniyadakı Rusiya səfirinin müavini ilə görüş keçiriləcəyini təsdiqləyib.
Marienne Ferguson onun iş yeri olan Nova Scotia immiqrasiya muzeyində şahzadə ilə görüşündən sonra danışıb.
Onlar Hitlerin ölkələri necə işğal etdiyini müzakirə edərkən şahzadə ""Putinin indi etdiklərindən... çox fəqrlənmir" kimi bir şey deyib", xanım Ferguson xatırlayıb.
Şahzadə Charles-ın mətbuat xidməti şəxsi söhbət barədə şərh verməyəcəyini deyib.
Fransada gələn ay keçiriləcək Normandiya Döyüşünün ildönümü tədbirində Şahzadə Charles-ın Rusiya prezidenti ilə görüşü gözlənilir.
Muzeydə könüllü işçi olan 78 yaşlı xanım Ferguson Nasistlərin işğalından az əvvəl valideynləri və iki bacısı ilə Polşadan Kanadaya gedib. Amma onun digər ailə üzvləri Nasist düşərgələrə göndərilmişdi, Daily Mail qəzeti xəbər verir.
Rusiya prezidenti mart ayında Krımı Ukraynadan ilhaq edəndən sonra o, beynəlxalq arenada sərt tənqid olunub.
Keçmiş ABŞ Dövlət Katibi Hillary Clinton həmçinin martda, Rusiya Ukrayna vətəndaşlarına pasportlar verməyə başlayanda cənab Putinlə Hitleri müqayisə etmişdi.
"Bu tanış gəlirsə, Hitlerin 30-cu illərdə etdiyidir", - xanım Clinton belə demişdi.
























