Dağlıq Qarabağın tanınması haqqında qanun layihəsi qəbul olunmadı

Ermənistan Milli Məclisində müxalif Jaranqutyun (İrs) Partiyası tərəfindən təqdim edilən "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsi rədd edilib, layihənin lehinə 10 millət vəkili səs verib.
131 üzvdən ibarət Ermənistan Milli Məclisi iclasında iştirak edən 109 millət vəkilindən qanun layihəsinin lehinə Erməni Milli Konqres fraksiyasının iki üzvü – Nikol Paşinyan və Hrant Baqratyan və Daşnaksutyun və Jaranqutyun fraksiyaları səs veriblər.
Parlamentdə əksəriyyət təşkil edən hakim Respublikaçılar Partiyası, Firavan Ermənistan, Qanunçuluq Ölkəsi partiyaları və Erməni Milli Konqresinin digər üzvləri səsvermədə iştirak etməyiblər.
Qanun layihəsinin müəllifi, Jaranqutyun fraksiyasının rəhbəri Zaruhi Postancyan hesab edir ki, Ermənistan tərəfindən "DQR-in müstəqil dövlət kimi tanınması başqa ölkələrə də bu istiqamətdə təkan verə bilər".
Bundan başqa, onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağla "dövlətlərarası müqavilələr imzalayar, münasibətlər qura bilər".
Çərşənbə axşamı qanun layihəsinin parlament iclasında müzakirəsi zamanı Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini de-yure tanıyan yeganə ölkə olmamalıdır.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu çərçivəsində gerçəkləşdirilən danışıqların "başlıca məqsədi DQR-in tanınmasıdır".
"Lakin bu prosesdə Ermənistan, Türkiyə ilə Şimali Kipr arasında olduğu kimi, tənha qalmamalıdır", - cənab Koçaryan deyib.
Şavarş Koçaryan qeyd edib ki, "de-fakto Ermənistan DQR-in müstəqilliyini çoxdan tanıyıb və bərabərhüquqlu subyekt kimi əməkdaşlıq edir. Dağlıq Qarabağla yüzə yaxın müqavilə imzalanıb".
























