Ermənistan və Azərbaycan prezidentləri noyabrda görüşəcəklər

Ermənistan və Azərbaycan prezidentləri artıq noyabr ayında görüşməyə razılıq veriblər. Bu barədə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri yekunlarına əsasən, hazırladıqları bəyanatda məlumat verilir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri James Warlick (ABŞ), İqor Popov (Rusiya), Jaques For (Fransa) və ATƏT sədrinin şəxsi elçisi Anjey Kasprşik “tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yollarını tapmaqda yardım göstərmək səylərini davam etdirmək üçün” noyabrın 4-5 tarixində bölgəyə səfər ediblər.
Bəyanatda daha sonra deyilir ki, beynəlxalq vasitəçilər Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sarkisyanla, eləcə də hər iki ölkənin xarici və müdafiə nazirləri ilə görüşüb, “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə ediblər”.
“Prezidentlər tənzimləmə üzrə mövqelərini dəqiqləşdirmək və irəliləyiş yollarını müzakirə etmək üçün 2013-cü il noyabrda görüşmək niyyətlərini təsdiq ediblər”.
Həmsədrlər gözlənilən sammitin hazırlığı üzərində işləməkdə davam etdiklərini bəyan edir, tərəfləri təmkinlilik göstərməyə və barış prosesinə xələl vuracaq bəyanatlar verməkdən qacınmağa çağırıblar.
“Hərbi əməliyyatlar, xüsusilə hazırkı məqamda, yalnız sülh prosesinə xələl vurmaq cəhdi kimi nəzərdən keçirilə bilər”, - deyilir Minsk Qrupu həmsədrlərinin bəyanatında.




















