Tacikistanda qar uçqununda 7 nəfər həlak olub

Снег
Çap edildi

Tacikistanın şimal və şərqində baş verən qar uçqunu nəticəsində 7 nəfər həlak olub.

Tacikistan xilasedicilərinin məlumatına görə 5 nəfər Düşənbə-Xudcand avtomobil yolunda həlak olub.

Onların getdiyi maşın yolda qar uçqununa tuş gəlib. Həlak olanların cəsədləri 150 metr dərinlikdən çıxarılıb.

Dağlıq Bədəxşanda isə təbii fəlakət nəticəsində 2 nəfər həlak olub.

Fövqəladə Hallar Komitəsinin məlumatına görə, Düşənbə ilə Soqdiy vilayətini birləşdirən avtomobil yoluna eyni anda 40 qar uçqunu enib və nəticədə 200 maşın qarın altında "əsir" qalıb.

снег и люди
Şəklin alt yazısı, Sinoptiklər yaxın günlərdə ölkədə havaların kəskin soyuyacağı və qar yağacağı barədə xəbərdarlıq ediblər

Tacik xilasediciləri 800 nəfəri, 50 yük maşınını və 150 avtomobili təxliyə edib.

BBC-nin Düşənbədən verdiyi xəbərə görə Tacikistanın şimalında, Düşənbə-Xoroq-Murqab avtomobil yolunda vəziyyət çətin olaraq qalır. Çoxlu qar uçqunlarından sonra yollar hələ də bağlıdır.

Sinoptiklər yaxın günlərdə ölkədə havaların kəskin soyuyacağını və qar yağacağını proqnozlaşdırıblar.