İdrak Abbasovun avtomobilinə "müdaxilə edilib"
Jurnalist İdrak Abbasov “son günlər ailəsinə təzyiq və təhdidlərin" artdığını bildirir.
Bu barədə cümə axşamı jurnalistlərə açıqlama verən Abbasov iki gün öncə “avtomobilinə üçüncü dəfə müdaxilə” edildiyini deyib:
“Ayın 28-dən 29-a keçən gecə 3-ün yarısı, 3-ə qalmış həyat yoldaşımla çıxdıq, gördük ki, maşının arxa qapısı açıqdır və qaçan ayaq səslərini yenə də eşitdik”.
Avtomobilində bahalı əşyanın olmadığını bildirən jurnalist Binəqədi rayonu 40-cı polis şöbəsinə şikayət etdiyini qeyd edib:
“Polislər maşına baxdılar, baxış keçirilmədi, sadəcə baxdılar, çünki protokol tərtib olunmadı, əl-barmaq izləri götürülmədi”.
Abbasov avtomobilinə “kimlərinsə nəsə qoymaq və ya nə isə quraşdırmaq istəməsindən” şübhələndiyini bildirir.
Jurnalistin əməkdaşlıq etdiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) sədri Emin Hüseynov “hüquq-mühafizə orqanlarını jurnalistin və ailəsinin təhlükəsizliyini təmin etməyə çağırıb:
Onun sözlərinə görə, RATİ də Abbasovun evində videomüşahidə qurğusu qoymağı planlaşdırır.
Jurnalistin fikrincə, ona və ailəsinə olan təzyiqlər “18 apreldə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə onun arasında baş verən münaqişənin ardıdır”.
Bu barədə o, Facebook sosial şəbəkəsindəki profilində status paylaşıb:
“Zənnimcə, bu, mənə qarşı ya psixoloji təzyiqdir, ya da maşına nəsə qoyub məni tutmaq istəyirlər”.
Abbasov, bundan öncə, “iki dəfə maşınına müdaxilə edildiyini, ikinci halda polisə məlumat verdiyini, lakin polisin maraqlanmadığını” bildirib.
Binəqədi rayonu 40-cı Polis Şöbəsinin növbətçi hissəsinin özünü təqdim etməyən əməkdaşı BBC Azərbaycancaya bildirib ki, “hadisə çox olduğundan bu barədə məlumatı yoxdur”.
BBC Azərbaycanca gün ərzində bir neçə dəfə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, müvəffəq olmayıb.
Bu il aprelin 18-də Abbasov və digər jurnalistlər Sulutəpədə ARDNŞ-ın torpaqları iddia edilən ərazidə çəkiliş apararkən döyülüb və istintaq onu zərərçəkmiş kimi tanıyıb.
Hazırda istintaq “xuliqanlıq” maddəsi altında davam edir.