Erməni politoloq Qarabağ danışıqlarının İstanbulda keçirilməsi barədə nə düşünür?
Türkiyənin Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə İstanbulda danışıqlar keçirmək təklifi vasitəçilik missiyası kimi qəbul edilə bilməz.
Bunu “BBC Azərbaycanca”nın Yerevan müxbirinə politoloq, Yerevan Dövlət Universitetinin prorektor müavini Aleksandr Markarov deyib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların İstanbulda keçirilməsini istədiyini bildirmişdi.
Əhməd Davudoğlunun sözlərinə görə, rəsmi Ankara regional münaqişələrin nizamlanması siyasəti həyata keçirir və artıq bu məsələdə regionun liderinə çevrilib.
«Biz istərdik ki, Suriya üzrə danışıqlar Türkiyədə keçirilsin. Həmçinin, Ermənistan və Azərbaycan arasında görüşlərin də İstanbulda keçirilməsini arzu edirik», - deyə Ə.Davudoğlu vurğulayıb.
Xatırladaq ki, rəsmi Yerevan da Davudoğlunun təklifini qəbuledilməz hesab edir.
Əhməd Davudoğlunun bəyanatını şərh edərək, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan demişdi ki, “Türkiyə Qarabağ probleminin səmərəli tənzimlənməsi üçün çalışırsa, Azərbaycanı münaqişənin həqiqi tərəfi – Dağlıq Qarabağla – danışıqlar aparmağa təhrik etməlidir”.
Şavarş Koçaryanın sözlərinə görə, Türkiyə gərək heç olmazsa Azərbaycanın “hər şey ya heç nə” mövqeyini və vasitəçilik səylərinin pozulmasına yönəlmiş danışıqlar prosesini Minsk Qrupu çərçivəsindən çıxarmaq cəhdlərini dəstəkləməsin.