İran azərbaycanlıları ABŞ-ı imdada çağırır
İranın şimal qərbindəki Şərqi və Qərbi Azərbaycan vilayətlərində yerləşən Urmiyə gölünün quruması ilə bağlı dünyaboyu müxtəlif paytaxlarda təşkil edilmiş etirazların növbəti ünvanı Vaşinqton olub.
Çərşənbə axşamı Dövlət Departamenti qarşısında toplaşmış 30-dan artıq azərbaycanlı fəal Birləşmiş Ştatlar administrasiyasını və insan haqları müdafiəçilərini gölün imdadına çağırıblar.
Aksiya habelə ABŞ-da mənzillənən İran Azərbaycan təşkilatlarının son 6 ildə ilk birgə siyasi tədbiri olaraq diqqəti çəkib.
Tələblərini Dövlət Departamentinin rəsmisinə çatdıran etirazçılar ölkələrində siyasi və milli kimlik problemlərini də gündəmə gətiriblər.
Çıxışlar zamanı “Məhbuslara azalıq”, “İranda ədalət yoxdur” kimi şüarları dönə-dönə təkrarlanıb.
Fəlakət təhlükəsi
Qarşıdan gələn regional ekoloji fəlakətlə bağlı xəbərdarlıq edənlərə istinadən Urmiya gölünün hövzəsi artıq bir neçə metr azalıb və duz səhrasına çevirlib.
“Suyun tamamilə çəkiləcəyi təqdirində təkcə hövzəboyu yaşayan sakinlər deyil, ümumilikdə region ölkələri, o cümlədən Türkiyə və Azərbaycan da böyük fəlakətlə üz-üzə qalacaq”, deyib BBC-Azərbayancaya müsahibə verən aksiya iştirakçısı, Azərbaycan Milli Dirəniş Təşkilatının ictimai əlaqələr üzrə nümayəndəsi Babək Gələbiyanlı.
Onun təbirincə, İran hökuməti bilərəkdən Urmiyə gölünün taleyinə biganə münasibət bəsləyir, belə ki, ehtimal olunan problemin miqyası yüzminlərlə azərbaycanlının bölgədən çıxarılması, evsiz qalması ilə nəticələnə bilər.
“Bütün bunlar o deməkdir ki, gölün ətrafında yaşayış tamamilə mümkünsüzləşəcək… Açıq –aşkar, Tehran hökuməti bizə qarşı qərəz yürüdür”, deyib İran ordusunun sabiq zabiti cənab Gələbiyanlı.
“Urmuyə gölünün üzərinə axan çayların üzərində 40-a yaxın su anbarı quraraq, suyun gölə doğru axınını tamamən kəsiblər. Ətraf mühit mütəxəssislərinin bildirdiyinə görə, belə davam etsə 2013-də göl tamamən quruyacaq və onun yerinə10 il ərzində 13 milyard ton duz qalacaq”, aksiya iştirakçısı əlavə edib.
Ötən illər ərzində faciə barədə həyəcan təbili çalan onlarla Urmiyə və Təbriz sakininin həbs olunmasına dair məlumatlar var. Təkcə bu həftə İranda keçən etirazlardan sonra 50-dən artıq adamın həbs edildiyi deyilir. ABŞ azərbaycanlıları həbslərin daha miqyaslı olduğunu istisna etmirlər.
Aksiya iştirakçısı: “İrsimiz məhv olunur”
Ancaq Urmiya təhlükəsi Vaşinqton aksiyası iştirakçılarını narahat edən yeganə məsələ deyil.
Etirazçılar, məsələn, milli haqlarının İranda boğulmasına da ABŞ administrasiyasının susqunluğundan şikayətçidirlər.
“Azərbaycanlılar İran xalqının ən mütəşəkkil parçasıdır. Vaşinqtonda siyasəti müəyyənləşdirənlər İranla bağlı planlarında bunu nəzərə almalıdırlar”, deyir veteran azərbaycanlı fəal Həbib Azərsina.
Əhməd Obalı Çikaqodan Azərbaycan dilində yayımlanan GÜNAZ TV kanalının rəhbəridir.
BBC-Azərbaycana müsahibəsində o, Qərb ölkələrini İranda “Azərbaycan irsinin məhvinə” göz yummamağa səsləyir.
“Təkcə Urmiya gölü deyil, bizim dəyərlərimiz, dilimiz, irsimiz məhv olunur. Səsimizi çıxardıqda isə gənclərimiz həbs edilir, zindanlarda məhv olunur. Halbuki, onların yeganə günahları milli haqlarını tələb etməkdir. Təəccüblənirik ki, görəsən niyə beynəlxalq təşkilatlar və ya xarici ölkələrin mətbuatı bu məsələni, yəni 35 milyonluq azərinin üsyanını niyə işıqlandırmır. Belə davam edə bilməz. Qərb ölkələri, Amerika dövləti nəhayət, bizə kömək etsin”, deyib cənab Obalı.
Həssas məsələ
Bəs Vaşinqton təhlilçiləri İran azərbaycanlılarının problemləri barədə nə düşünürlər?
Qərb nüvə məsələsində təsir göstərə bilmədiyi Tehran hakimiyyətini etnik mövzuda yola gətirə bilərmi?
BBC-Azərbaycana müsahibəsində Amerika Milli Hərbi Kollecinin professoru John Chicky məsələni “mürəkkəb və həssas” adlandırıb.
“Aydındır ki, İran azərbaycanlılarının hakimiyyətdən narazılığı var, buna baxmayaraq onlar İran çoxmillətli dövlətdir ideyası ətrafında birləşiblər”, deyib təhlilçi.
Eyni zamanda, onun təbirincə, İran siyasətini Azərbaycan amili olmadan təsəvvür etmək çətindir, belə ki, ölkənin siyasi və dini elitasının əsas isimləri də etnik azərbaycanlılardır.
“Ona görə də İran azərbaycanlıları ilə bağlı situasiya çox mürəkkəbdir və qarşıda onların məsələn, İranla Qərb arasında mövcud böhranın gedişində oynayacaqları rol daha çox situasiyanın inkişafından asılı olacaq”, deyib cənab Chiky.
Amerika Sahibkarlıq İnstitutunun eksperti, Corc Buş administrasiyası dövründə Pentaqonun İran və İran tematikası üzrə müşaviri olmuş Michael Rubinə görə isə, təəssüf ki, İranda “miqyasından və kimliyindən asılı olmayaraq, qeyri-fars millələrin vahid səslə çıxış etdiyini söyləmək mümkünsüzdür”.
“Şübhəsiz ki, bu mövzuda Vaşinqton siyasətçiləri və mütəxəssislərin daha çox eşitməsinə ehtiyac var”, deyib təhlilçi BBC-Azərbaycancaya.