Türkiyə Əsədə qarşı “mövqeyini yumşalda bilər”

Çap edildi

Türkiyə, Suriyanın şimalında kürd dövlətini dəstəkləməyəcəyi təqdirdə Əsədə qarşı mövqeyini yumşalda bilər, Reuters xəbər agentliyi bildirib.

Agentliyin bildirdiyinə görə, Türkiyənin yeni baş naziri Binali Yıldırımın "düşmənlərimizi azaldacağıq, dostlarımızı çoxaldacağıq" ifadəsi ölkənin xarici siyasətində dəyişikliklər baş verəcəyinə işarə ola bilər.

Ahmet Davutoğlunun baş nazir olduğu dövrdə Ankara Əsədin hakimiyyətdən getməsinin Suriyada sabitliyin yeganə yolu olduğunu israr edirdi.

Bu isə Türkiyəni Əsədin müttəfiqi Rusiya və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı vuruşan ABŞ-la münasibətdə çətin vəziyyətdə saxlayırdı.

"Əsəd bir qatildir. Öz xalqına zülm edir", Yüksək rütbəli AKP rəsmisi Reuters xəbər agentliyinə bildirib. "Ancaq kürdlərin muxtariyyətini dəstəkləmir. Bir birimizi sevməsək də, bu mövzuda eyni siyasəti müdafiə edirik".

Ankara kürd YPG qruplaşmasının şimali Suriyada əldə etdiyi nailiyyətlərin PKK-nın Türkiyədəki silahlı mübarizəsinə güc verəcəyindən narahatdır.