Suriyada Hizbullahın "baş komandanı" öldürülüb

Şəklin mənbəyi, AP
Suriyada Hizbullah qrupunun ən yüksək rütbəli komandanı olduğu deyilən şəxs Dəməşqdə həlak olub.
Mustafa Əmin Bədrəddin Dəməşq hava lımanı yaxınlığında baş verən güclü partlayış nəticəsində ölüb, Livanda mənzillənən al-Manar internet saytı xəbər verir.
Hizbullah qrupu Suriya lideri Bəşər əl-Əsədi dəstəkləyir və bölgəyə minlərlə döyüşçü göndərib.
ABŞ bildirir ki, Bədrəddin 2011-ci ildən bəri Hizbullahın Suriyadakı bütün həbri əməliyyatlarına cavabdeh şəxs olub.
Ötən il ABŞ maliyyə nazirliyi onu sanksiyalar siyahısına salıb. Məlumata əsasən Mustafa Əmin Bədrəddin 2013-cü ildə əl-Qusair şəhəri uğrunda həlledici döyüşə komandirlik edib.

Şəklin mənbəyi, AP
Hizbullah lideri daha üç nəfərlə birlikdə 2005-ci ildə Livanın sabiq baş naziri Rafiq Həririni qətlə yetirməkdə ittiham olunur.
Hizbullah və ya "Allahın Partiyası" - Livanda əsasən şiə müsəlmanlarına aid güclü siyasi və hərbi təşkilat sayılır.
_________________________________________________________
1961-ci ildə anadan olan Bədrəddin-nin Hizbullahın hərbi qanadının əsas fiqurlarından biri olduğu ehtimal olunur.
O, 2008-ci ildə Dəməşq yaxınlığında avtomobilə quraşdırılmış bomba partayılışı nəticəsində ölmuş Hizbullahın hərbi qanadının rəhbəri İmad Muğniyənin əmisi oğlu və qaynıdır.
Məlumata görə, Bədrəddin Hizbullah Şurasının üzvü idi. O, həmçinin qrupun lideri Həsən Nəsrullahın müşaviri imiş.
Kanadanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti tərəfindən dindirilən Hizbullah üzvü deyib ki, Bədrəddin onun "terrorizm üzrə müəllimi olan" Muğniyədən "daha təhlükəli"dir.
Ehtimal olunur ki, Bədrəddin və Muğniyə 1983-cü ilin oktyabrında Beyrutda, 241 nəfərin ölümünə səbəb olan ABŞ Dəniz Piyadaları bazasındakı partlayışı birgə həyata keçiriblər.

Şəklin mənbəyi, Reuters
_________________________________________________________
Livanın al-Mayadeen TV kanalı ilə yayımlanan ilkin məlumatda 55 yaşlı Hizbullah liderinin İsrailin hava zərbəsi nəticəsində öldüyü xəbər verilmişdi.
Lakin daha sonra al-Manar saytının məlumatında İsrail barədə bir şey deyilmirdi .
İsrail mediasına əsasən hökumət bu iddialara hər hansı şərh verməkdən imtina edib.
Lakin İsrailin Hizbullah liderlərinə qarşı əməliyyatlar keçirdiyi iddilar mövcuddur.
Bədrəddinin matəm mərasimi cümə günü Beyrutda keçirilməlidir.
Baş komandanın öldürülməsi xəbərini şərh edən Hizbullah deyib: "O, 1982-ci ildən bu yana İslam müqavimətinin bir çox əməliyyatlarında iştirak edib."
























