Brent neftinin qiyməti $48-dan yuxarı qalxıb

Şəklin mənbəyi, bbc
Goldman Sachs investisiya şirkəti dünya bazarlarında neft qıtlığının başlayacağı barədə proqnoz verdikdən sonra Brent markalı neftin qiyməti bazar ertəsi səhər 48,47 dollara çatıb.
Bu isə bundan əvvəlki ticarət sessiyasının bağlanışında qeydə alınmış göstəricidən 0.64 dollar bahadır.
WTI markalı neft də 1,3% bahalaşaraq 1 barel üçün 46,81 dollara çatıb.
Goldman Sachs təhlilçilərinin fikrincə, Nigeriyada boru kəmərlərinə hücumlar, Kanadada isə meşə yanğınları bu ilin ikinci rübündən sonra dünyada neft hasilatını kəskin dərəcədə azalda bilər.
Bununla yanaşı, ekspertlər gələn ilin əvvəlində bazarda neftin təklifinin tələbatı üstələcəyini proqnozlaşdırırlar.
Bu ehtimal İran, İraq, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə neft hasilatının artacağı proqnozuna əsaslanır.
Təhlilçilər 2017-ci ilin sonunadək neftin 1 barelinin qiymətinin 60 dollara çatacağını ehtimal edirlər.




















