Tayvanda zəlzələ: daha iki nəfər xilas edilib

Şəklin mənbəyi, EPA
Tayvanın Taynan şəhərində baş vermiş zəlzələdən 2 gün sonra dağıntılar arasından 2 nəfər xilas edilib.
Rəsmilərin sözlərinə görə, onlardan biri həyat yoldaşının cəsədi altında qalmış qadın olub. Yaxınlıqda onun iki yaşlı oğlunun cəsədi tapılıb. Yerli mətbuat ikinci şəxsin kişi olduğunu yazır.
Onlardan çoxu Weiguan Jinlong adlanan binanın içərisində olub. Binada hələ də 100-dən çox adamın çıxılmaz vəziyyətdə qaldığı güman edilir.
Bundan əvvəl dağıntılar arasından 6 aylıq qız uşağı xilas edilsə də, o, bir neçə saat sonra xəstəxanada vəfat edib.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, EPA
Şənbə günü baş vermiş 6,4 ballıq zəlzələ nəticəsində azı 35 nəfərin öldüyü bildirilir.
Rəsmilər bazar günü deyiblər ki, dağıntılar arasından 310 nəfər xilas edilib, onlardan 100-ü xəstəxanaya yerləşdirilib.
Taynan meri Lai Ching-te bildirib ki, itkin düşənlərin əksəriyyəti yaşayış binasının dağıntılarının dərinliyindədir.
Prezident Ma Ying-jeou insanları xilas etmək üçün "hər cür səy göstəriləcəyinə" söz verib.
Binanın dağılmasına səbəbin tikinti olması ilə bağlı istintaq başlanıb.

Şəklin mənbəyi, Reuters
Taynan meri sağ qalanlar bina tikintisində hüquqi "pozuntular" barədə məlumat verdiyini bildirib, ancaq o, bu barədə daha ətraflı danışmayıb.
Yüzlərlə əsgər yüksək texnologiyalı avadanlıqların, xidməti itlərin və kranların köməyi ilə xilasetmə işlərində iştirak edir. Evlərini itirən şəxslər üçün sığınacaqlar yaradılır.
Tayvan iki tektonik lövhə keçidinin yaxınlığında yerləşir və burada tez-tez yeraltı təkanlar baş verir.
























