İraq parlamentində Mosulun süqutuna görə günahı keçmiş baş nazirdə görürlər

İraq höküməti ölkədə korrupsiya və pozuntulara qarşı kampaniyaya başlayıb.
Şəklin alt yazısı, İraq höküməti ölkədə korrupsiya və pozuntulara qarşı kampaniyaya başlayıb.
Çap edildi

İraq parlamentinin komissiyası keçən il Mosulun İD silahlılarına təslim edilməsinə görə günahı keçmiş baş nazir Nuri əl-Məlikinin üzərinə qoyur.

Parlament komissiyası keçmiş baş naziri buna görə mühakimə etməyə çağırıb.

Komissiyanın hesabatında keçmiş baş nazirlə yanaşı Mosulun itirilməsinə görə 30-dan çox rəsmiyə qarşı itthamlar irəli sürülüb.

İD silahlıları Mosulu ötən il ələ keçiriblər.

Parlament komissiyası üzvlərinin rəyinə əsasən, özü şiə olan cənab Məliki şiə-sünni ədavətinin kəskinləşməsinə və nəticədə sünnilərin əksəriyyət təşkil etdiyi ərazilərin İD qrupunun nəzarətinə keçməsinə görə məsuliyyət daşımalıdır.

Bundan əvvəl, hazırkı baş nazir Haider əl-Abadi Mosul şəhərində mövqeləri qoyub qaçan hərbi zabitlərin məhkəməyə veriləcəyini qərara almışdı.

İraqın hazırkı höküməti ölkədə korrupsiya və pozuntulara qarşı geniş kampaniyaya başlayıb.