Germanwings qəzasında yeni ittihamlar

Germanwings
Şəklin alt yazısı, Mart ayında baş vermiş qəzada göyərtədəki əsasən İspaniya və Almaniyadan olan 150 nəfər sərnişinin hamısı dünyasını dəyişib.
Çap edildi

Fransa prokurorluğu Alp dağlarında qəzaya uğramış Germanwings şirkətinə məxsus təyyarənin cinayət işi üzrə “qərəzsiz qətl iddiaları” ilə bağlı ibtidai istintaqın aparılması barədə qərar qəbul edib.

Hələ ki, kimə ittiham irəli sürüləcəyi məlum deyil.

Mart ayında baş vermiş qəzada göyərtədəki əsasən İspaniya və Almaniyadan olan 150 nəfər sərnişinin hamısı dünyasını dəyişib.

Marsel prokurorluğun nümayəndəsi Brice Robin deyib ki, istintaq qəza zamanı Aerobus-320 təyyarənin şturvalı arxasında olan ikinci pilot Andreas Lubitz-in qəsdən təyyarəni qəzaya uğratmasına dair şübhə etmir.

Germanwings və Lufthansa Lubitz-in təyyarə idarə etmək üçün bütün yoxlanışlardan keçdiyini bildirib.

Lufthansa həmçinin etiraf edib ki, Lubitz 2009-cu ildə pilot lisenziyasını almaq üçün hazırlıqlar zamanı ağır depressiyadan əziyyət çəkirmiş.

Brice Robin-in sözlərinə görə, Lubitz-in müalicəsi ilə məşğul olan bir neçə həkim onun pilot ola bilməyəcəyini hesab etsələr də, Almaniyada “həkim sirri haqqında” qanununa görə bu haqda məlumat verməyiblər.

Görmə qabiliyyəti problemi

Hakim Robin deyir ki, Lubitz qəzadan bir ay öncə 7 həkimin – 1 terapevt, 3 psixoloq və 3 göz həkiminin - qəbulunda olub. Lubitz-in görmə qabiliyyətində problem var imiş. Qəzadan bir həftə öncə isə o, həkiminə, “gün ərzində yalnız iki saat yatdığını və kor olmaqdan qorxduğunu” deyib.

lubitz
Şəklin alt yazısı, Lubitz qəzadan bir ay öncə 7 həkimin qəbullunda olub

Amma həkimlər görmə qabiliyyətinin zəifləməsinin səbəblərini tapmayıblar. Həkimlərdən biri bu halı “psixozun nəticəsi” olduğu iddiasını irəli sürüb.

İstintaq zamanı o da məlum olub ki, qəzadan bir neçə gün öncə pilot internetdə intihar yolları haqqında informasiya axtarıbmış.

Onun evində cırılmış xəstəxana kağızları da aşkar edilib.

Martın 24 –də Barselonadan Düseldorfa uçan Germanwings şirkətinin təyyarəsi Alp dağlarında qəzaya uğrayıb. Göyərtədəki 150 sərnişin, o cümlədən 6 ekipaj üzvü həyatını itirib.

Müstəntiqlərin sözlərinə görə, pilotlar kabinetində tək qalan ikinci pilot Andreas Lubitz təyyarəni bilərəkdən dağlara doğru endirməyə başlayıb. Nəticədə isə təyyarə dağla toqquşub.