İraq qüvvələri Ramadi ətrafındakı İD mövqelərinə "doğru irəliləyirlər"

Ramadi şəhəri paytaxt Bağdaddan 110 kilometr aralıqda yerləşir
Şəklin alt yazısı, Ramadi şəhəri paytaxt Bağdaddan 110 kilometr aralıqda yerləşir
Çap edildi

İraqın hökumət qüvvələrilə şiə silahlıları Ramadi ətrafındakı İD mövqelərinə doğru irəliləyirlər, rəsmilər bildirir.

Ötən bazar günü Ramadi şəhərini ələ keçirmiş İD-ə qarşı əks-hücuma hazırlaşan İraq qüvvələrinin Husayba şəhəri yaxınlığında cəmləşdiyi qeyd olunur.

Anbar əyalətinin mərkəzi olan Ramadi şəhəri paytaxt Bağdaddan 110 kilometr aralıqda yerləşir və onun süqutu hökuməti pərt edən hadisə sayılır.

İD həmləsindən sonra açıqlanan dəyərləndirmələrdə 500 adamın öldüyü və 40 min sakinin şəhərdən qaçdığı bildirilir. BMT vəziyyətlə bağlı narahatlığını bildirib.

Cümə günü İraqın baş nazirinin müavini İD-ə qarşı mübarizənin “yerli miqyaslı” məsələ olmadığını deyərək beynəlxalq ictimaiyyəti əməli addımlara səsləyib.

Beynəlxalq koalisiya qüvvələri artıq bir neçə aydır ki, İraqda İD mövqelərinə qarşı hava zərbələri endirirlər.

İD həmləsindən sonra Ramadini 40 min yerli sakin tərk edib.
Şəklin alt yazısı, İD həmləsindən sonra Ramadini 40 min yerli sakin tərk edib.

Son həftələr ərzində İD Suriya və İraqda ciddi hərbi irəliləyişə nail olub.

Cihadçılar İraqda Ramadi, Suriyada isə qədim Palmira şəhərini ələ keçiriblər. Cümə günü monitorinq qrupu Suriya-İraq sərhədində Dəməşqin nəzarətində qalan sonuncu keçid məntəqəsinin İD tərəfindən tutulduğunu bildirib.