İndoneziya edamları: Avstraliya səfirini geri çağırıb

Edam olunanlar ölümü birgə nəğmə oxumaqla qarşılayıblar
Şəklin alt yazısı, Edam olunanlar ölümü birgə nəğmə oxumaqla qarşılayıblar
Çap edildi

Narkotik qaçaqmalçılığında ittiham olunmuş iki avstraliyalının İndoneziyada edam olunmasından sonra Avstraliya höküməti bu ölkədəki səfirini geri çağırıb

Çərşənbə günü səhər saatlarında avstraliyalı Andrew Chan və Myuran Sukumaran da daxil narkotik qaçaqmalçılığında ittiham olunan bir qrup xarici vətəndaş İndoneziyanın Nusakambangan adasındakı həbsxanada güllələniblər.

Güllənənlər arasında braziliyalı Rodrigo Gularte də olub.

Braziliya höküməti Rodrigo Gularte-nin edam olunması ilə bağlı "dərin təəssüf hissi keçirdiyini" bildirib.

Filipinli qadının edamı isə son anda təxirə salınıb.

Mary Jane Fiesta Veloso üçün edam hökmünün təxirə salınmasına səbəb Filippin rəsmilərinin müttəhim qadının yol çantasına narkotik yerləşdirdiyi iddia edilən digər bir qadının Filippin polisi tərəfindən saxlandığı barədə xəbəri İndoneziya rəsmilərinə çatdırması olub.

İndoneziyada çərşənbə günü məhkumların edamını müşahidə etmiş keşişin Sydney Morning Herald nəşrinə bildirdiyinə görə, güllələnməzdən əvvəl 8 məhkum gözlərinin bağlanmasından imtina ediblər və ölümü birgə mahnı oxumaqla qarşılayıblar.

Avstraliya Baş naziri Tony Abbott edamdan sonra İdoneziya süverenliyinə hörmət edildiyini, lakin bundan sonra ikitərəfli münasibətlərin əvvəlki kimi davam etməyəcəyini bildirib.

İlk dəfədir ki, Avstraliya səfirini İndoneziyadan geri çağırır və bunu xaricdə vətəndaşının edam edilməsinə görə ilk dəfədir ki, edir.

İndoneziyanın Baş prokuroru general Məhəmməd Prasetyo edamları müdafiə edərək onun ölkəsinin narkotiklərə qarşı "müharibə" apardığını vurğulayıb.

Braziliya höküməti Gulartenin edamından sonra bəyanat verərək həmin edamı iki tərəfli münasibətlər üçün "ciddi hadisə" adlandırıb.

İndoneziyanın narkotik əleyhinə qanunvericiliyi dünyanın ən sərt qanunlarından biri sayılır.

İndoneziya hökümətinin bildirdiyinə görə, ölkədə hər gün narkotiklərdən orta hesabla 33 indoneziyalı ölür.