Çin XİN-i: Honq Konq “qeyri-qanuni” aksiyaları yolverilməzdir

Şəklin mənbəyi, EPA
Çin xarici işlər naziri Wang Yi Honq Konqda istənilən “qeyri-qanuni” aksiyaların yolverilməz olduğunu bəyan edib.
Wang Yi bu etirazlara münasibət bildirən ilk yüksək vəzifəli çin rəsmisidir.
ABŞ-a səfəri zamanı Çin Xalq Respublikası XİN rəhbəri deyib: “Honq Konqda baş verənlər Çinin daxili işidir. Bütün ölkələr Çinin suverenliyinə hörmət etməlidirlər. İstənilən ölkədə, istənilən cəmiyyətdə ictimai asayişi pozan hərəkətlər yolverilməz olar”.
“Biz əminik ki, Honq Konq xüsusi inzibati rayonunun hökuməti qanuna uyğun olaraq mövcud durumu aradan qaldırmağa qadirdir”, - o əlavə edib.
ABŞ dövlət katibi John Kerry Honq Konq hakimiyyətini etirazçılara qarşı təmkinli olmağa çağırıb.
“Biz çox ümid edirik ki, Honq Konq hakimiyyəti etirazçıların öz nöqteyi-nəzərini dinc ifadə etmək hüquqlarına dair təmkinlilik və hörmət göstərər”, - Kerry deyib.
Etirazçıların təhdidi
Honq Konqda hər il oktyabrın 1-də qeyd olunan ÇXR-nın təsis edilməsi bayramı günü minlərlə adam yenə küçələrə çıxıb.
Müxbirlər bundan əvvəl yalnız şəhərin mərkəzində keçən nümayişlərin yeni rayonlara yayıldığını bildirirlər.
Etiraz aksiyası iştirakçıları 2017-ci il seçkilərində Honq Konq administrasiyası başçısı vəzifəsinə iddia edən namizədləri Çin hakimiyyətinin özü seçib ayırmaq istədiyindən narazıdırlar.

Şəklin mənbəyi, Getty
Anklav administrasiya başçısının özü isə nümayişçilərin istefa tələbini rədd edib.
ÇXR-nin təsis olunmasının 65 illiyi ilə əlaqədar çıxışında Honq Konq administrasiyasının başçısı Leung Chun-ying etirazçıları Pekinin təklif etdiyi islahatları dəstəkləməyə çağırıb.
“Biz cəmiyyətin bütün üzvlərinin hökumətlə dinc, rasional və praqmatik əməkdaşlıq edəcəyinə ümid edirik”, - Honq Konqun administrasiya başçısı deyib.

Şəklin mənbəyi, AP
























