Britaniya cihadçıların girovun qətli videosunu pisləyir

Şəklin mənbəyi, Facebook
Britaniyanın baş naziri David Cameron internetdə yayılan, iddia edildiyinə görə, “İslam dövləti” qruplaşması silahlıları tərəfindən britaniyalı girov David Haines-ın başının kəsilməsini əks etdirən görüntüləri “xalis yamanlıq aktı” adlandırıb.
“Biz, nə qədər vaxt tələb olunsa da, qatilləri izləyib, onların məhkəmə qarşısında cavab verməsinə nail olmaq üçün əlimizdən gələni edəcəyik”, - Cameron bəyan edib.
Görüntünün son hissəsində daha bir britaniyalı girov göstərilir. Cihadçılar növbəti dəfə onu öldürəcəkləri ilə hədələyirlər.
Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi təcili surətdə video görüntünün həqiqiliyini yoxlayır. Videoyazı həqiqidirsə, bu, İD yaraqlıları tərəfindən törədilən daha bir “murdar qətldir”, nazirlik bəyan edib. Nazirlik girovun ailəsinə yardım göstərməyə söz verib.
Təhlükəsizlik məsələləri üzrə BBC müxbiri Gordon Corera videoyazının həqiqiliyinin yoxlanması metodikası olduğunu qeyd edir, lakin bu, daha əvvəl amerikalı girovlar Steven Sotloff və James Foley-nin qətlləri halında olduğu kimi, müəyyən vaxt tələb edir. Onların qətlə yetirildiyi təstiqlənib, və bu son videoyazı da eyni üsluba uyğun gəlir, Corera qeyd edir.
Şotlandiyanın Perth şəhərindən olan 44 yaşlı humanitar təşkilat işçisi David Haines ötən il Suriyada oğurlanıb.
Son iki ay ərzində İD silahlıları iki amerikalı jurnalistin – James Foley və Steven Sotloff-un - başını kəsiblər və hədələyiblər ki, onların İraqdakı mövqelərinə Amerikanın hava zərbələrinə son qoyulmasa, Haines növbəti olacaq.
David Haines iki uşaq atasıdır, “Acted” Fransa humanitar təşkilatında işləyib və Suriyada ehtiyacı olanlara humanitar yardım aparırdı. O, ötən il mart ayında İdlib əyalətindəki Atmeh kəndi yaxınlığında oğurlanıb.
Bundan əvvəl o, Suriyada və Cənubi Sudanda humanitar missiyalarda çalışırmış.
Cümə günü Haines-ın ailəsi Böyük Britaniya XİN-i vasitəsilə “İslam dövlətinə” müraciətini yaymışdı.























