Jackie Chan-ın oğlu narkotiklərə görə həbs edilib

Şəklin mənbəyi, AFP
Məşhur Hollywood aktyoru Jackie Chan-ın oğlu narkotik ittihamı əsasında həbs olunub, Çin mətbuatı xəbər verir.
Pekin polisinin bəyanatında deyilir ki, 31 yaşlı aktyor Jaycee Chan digər bir Tayvan kino ulduzu 23 yaşlı Kai Ko ilə birgə ötən cümə axşamı həbs edilib.
Polis hər iki şəxsin qanında marixuana izinin aşkar edildiyini, Chan-ın evində axtarış zamanı 100 qram narkotik tapıldığını bildirib.
Onların həbsi narkotiklər əleyhinə kampaniya çərçivəsində aparılan polis reydləri zamanı keçirilib.
Nəşəxana təşkil etmək ittihamı ilə həbs olunan Jaycee Chan təqsirli bilinəcəyi halda 3 ilədək azadlıqdan məhrum edilə bilər, polis bildirib.
İyun ayında Çin prezidenti Xi Jinping qanunsuz narkotik istifadəsinə qarşı sərt tədbirlər görülməsinə çağırıb.
Ölkənin ən məşhur aktyorunun oğlunu həbs etməklə Çin rəhbərliyi narkomanlığa qarşı sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edir, Pekindəki BBC müxbiri Martin Patience qeyd edir.
Çin hökümət rəsmisi isə Associated Press agentliyinə bildirib ki, populyar kino ulduzlarının hədəfə alınması onların böyük sayda pərəstişkarlarına təsir etmə imkanları ilə bağlıdır.
Ötən gün Pekində 42 aktyorluq agentliyi adı narkotik qalmaqallarında hallanan ulduzlarla əməkdaşlıq etməyəcəkləri barədə polislə razılıq sənədi imzalayıb.
2009-cu ildə "narkotklərə qarşı mübarizə üzə səfir" fəxri adına layiq görülmüş Jackie Chan oğlunun narkotiklə bağlı həbs xəbərini şərh etməsədə, bəzi xəbərlərə görə məsələylə bağlı artıq Pekinə gəlib.
























