Slovakiyanın yeni prezidenti - biznesmen Andrej Kiska

Andrej Kiska
Şəklin alt yazısı, Erkən nəticələrə görə Andrej Kiska ikinci raundda səslərin təxminən 60 faizini alıb
Çap edildi

Slovkiyada siyasətdə təcrübəsi olmayan sağçı biznesmen Andrej Kiska prezident seçkilərində qalib gəlib.

Seçkilərdə ilk dəfə iştirak edən cənab Kiska ikinci raundda hazırkı sosial demokrat Baş nazir Robert Fico-nu məğlub edib.

Erkən nəticələrə görə cənab Kiska səslərin təxminən 60 faizini alıb.

Seçki kampaniyasının sonunda ölkədə əksəriyyət təşkil edən katolikləri cəlb etmək üçün cənab Fico katolik dini tərbiyəsi haqqında danışıb.

O rəqibini sayentoloq kimi təsvir etsə də, cənab Kiska bunu rədd edib.

Cənab Fico 2012-ci ildə keçirilən seçkilərdən bəri Baş nazir olub. Həmin seçkilərdə ölkə müstəqillik qazanandan sonra ilk dəfə parlamentdə bir partiya mütləq çoxluq qazana bilib.

Fransa Prezidenti François Hollande və Avropa Parlamentinin başçısı Martin Schulz solçu cənab Fico-nu dəstəklədiklərini bəyan etmişdilər.

Cənab Kiska bundan əvvəl siyasətdə təcrübəsiz olduğundan istifadə edərək özünü korrupsiya iddiaları ilə ləkələnmiş digər sağçı siyasətçilərdən uzaqlaşdırıb.

Ölkədə ona bacarıqlı biznesmen kimi baxırlar. Andrej Kiska deyir ki, korrupsiyaya qarşı mübarizə aparmaq və daha güclü hökümət qurmaq istəyir.

Cənab Kiskanın andiçmə mərasimi iyunun 15-də, hazırkı prezident Ivan Gasparovicin prezidentlik müddəti bitəndə keçiriləcək.