Fransa ABŞ-ın Suriyaya mümkün zərbəsini dəstəkləyir

Fransa prezidenti Francois Hollande
Şəklin alt yazısı, Fransa prezidenti Hollande bəyan edib ki, Londonun Suriya barədə qərarı Parisin mövqeyini təsirləndirməyib.
Çap edildi

Fransa prezidenti Francois Hollande deyib ki, Britaniya parlamentinin Suriya üzərinə zərbələr təşəbbüsünü rədd etməsinə baxmayaraq, Paris bu məsələdə öz sərt mövqeyini dəyişməyib.

O deyib ki, hərəkət üçün bütün variantlar masa üzərindədir və Suriyaya zərbə endirilməsi bir neçə günə reallaşa bilər.

Almaniya isə bildirib ki, Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.

Rusiya Britaniya parlamentində səsvermənin nəticələrindən məmnunluq bildirib və bəyan edib ki, bu, hücumun təhlükələri barədə ictimaiyyətin artan narahatlığını əks etdirir.

Bu arada BMT müfəttişlərinin mehmanxanadan çıxdıqları müşahidə edilib. Onların Dəməşq yaxınlığında Suriya hökumətinin nəzarətində olan xəstəxanaya baş çəkəcəkləri gözlənilirdi.

BMT-nin silah müfəttişləri Suriyada faktoplama fəaliyyətini cümə günü başa vurmalı, baş katib Ban Ki-moona şənbə günü ilkin hesabat verməldirlər.

“Fransa hazırdır”

“Le Monde” qəzetinə müsahibəsində cənab Hollande Britaniyanın oyundan çıxmasının onun mövqeyini təsirləndirmədiyini bildirib.

O deyib ki, BMT Təhlükəsizlik Şurası özünün daimi iki üzvünə - Rusiya və Çinə görə hərəkət barədə qərara gələ bilmirsə, onda Ərəb Ölkələri Liqası və Avropa İttifaından ibarət koalisya təşkil edilə bilər.

“Fransa bu koalisyanın üzvü olacaq. Fransa hazırdır” – deyib Hollande.

Cənab Hollande bildirib ki, hərbi əməliyyatlara gələn çərşənbədən əvvəl başlanacağı mümkündür. Məhz həmin gün Fransa parlamenti bu məsələni müzakirə etmək üçün toplanacaq.

“Şübhədən uzaq”

Cümə axşamı açıqlanmış bəyanatında Ağ Ev bildirib ki, “Barack Obamanın qərarında Birlıəşmiş ştatların maraqları əsas götürüləcək”.

Bəyanatda vurgulanır ki, prezidentin inamına görə bu məsələdə Birləşmiş Ştatların əsas maraqları var.

Konqresin Xarici Əlaqələr Komitəsinin demokrat fraksiyasının rəhbəri Eliot Engel deyib ki, “kimyəvi silahlardan istifadə edildiyi və bunun Əsəd rejimi tərəfindən istifadə edildiyi” şübhədən uzaqdır.

Mirage təyyarələri
Şəklin alt yazısı, Fransanın Mirage təyyarələri Birləşmiş Ərəb Əmirliklərindəki bazada mənzillənib.

“Yüksək səviyyəli Suriya rəsmiləri arasında bəzi kommunikasiyalar ələ keçirilib", cənab Engels jurnalistlərə bildirib.

Bu kommunikasiyalardan birində Suriyanın vəzifəli rəsmisi deyir ki, “kimyəvi hücumun nəticəsi hökumətin gözlədiyindən daha dağıdıcı olub”.

Avqustun 21-də Dəməşq yaxlınlığında həyata keçirildiyi iddia edilən kimyəvi hücum zamanı 355 nəfərin həlak olduğu bildirlirdi.

Cümə axşamı açıqlanmış bəyanatında Ağ Ev həmçinin bildirdi ki, “ən yaxın müttəfiq və dostlardan biri olan” Londonla Suriyaya hücum məsələsində məsləhətləşmələr davam etdiriləcək.

Bu bəyanat Britaniya parlamenti Dəməşq üzərinə zərbə təşəbbüsünü 285-272 səs çoxluğu ilə rədd etdikdən sonra verilib.

Bu səsvermədən az sonra Britaniyanın müfadafiə naziri Philip Hammond BBC-nin “Newsnight” proqramına müsahibəsində təsdiq edib ki, London heç bir hərbi əməliyyatda iştirak etməyəcək.

Müxbirlərin fikrincə, Britaniya parlamentində Suriyaya hücum təşəbbüsünün rədd edilməsi Baş Nazir David Cameronun şəxsi nüfuzuna zərbə hesab olunur.

2011-ci ildə Suriyada münaqişə başlanandan bəri 100 mindən artıq insanın öldüyü və 1,7 milyon insanın qaçqına çevrildiyi təxmin edilir.

Suriyaya qarşı işlədilə biləcək qüvvələr:

Mümkün hədəflər

• ABŞ-ın dörd eskadra esminesi - USS Gravely, USS Ramage, USS Barry və USS Mahan hazırda Aralıq dənizindədirlər və ballsitik raketlərlə silahlanıblar. Ballistik ralket zərbələri sualtı qayıqlardan da endirilə bilər. Lakin ABŞ donanması bu gəmilərin yerlərini açıqlamır.

• Türkiyədəki İncirlik və İzmir bazalarından, həmçinin İordaniyadakı bazadan zərbələr endirilə bilər.

• ABŞ-ın iki təyyarədaşıyan kreyseri - USS Nimitz və USS Harry S Truman regiondadırlar.

• Fransanın təyyarədaşıyan kreyseri Charles de Gaulle hazırda qərbi Aralıqdakı Tulondadır.

• Fransanın Raffale və Mirage təyyarələri Birləşmiş Ərəb Əmirliklərindəki əl-Dəhra hərbi hava bazasından hücum edə bilər.