Moskva: qeyri-leqal miqrantlar çadır düşərgəsinə yerləşdirilməkdədir

Qeyri-leqal işləməkdə şübhəli bilinən şəxslər (Arxiv)
Çap edildi

Moskvanın şərqindədəki çadır düşərgəsinə 132 adam gətirilib.

Bu əsasən deportasiya ediləcək Vyetnam vətəndaşlarıdır, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir.

Düşərgə, çərşənbə günü keçirilən reyd vaxtı xarici vətəndaşlığa malik mindən artıq işçinin polis bölmələrinə aparılmasından sonra yaradılıb.

Onların qeyri-rəsmi sexdə işlədiyi qeyd olunur.

27 iyulda Matveyev bazarında polisə zorakı müqavimət nəticəsində ağır zərbə alan bir polis reanimasiyaya yerləşdirilib. Bu olay prezident Vladimir Putinin tənqidinə səbəb olub.

Cümə axşamı BBC Azərbaycancaya müsahibəsində Moskvada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin başçısı, Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov reydlərin azərbaycanlılara "ciddi təsir" etmədiyini deyib.

Sexlər

Çərşənbə günü Moskvanın İrtış keçidindəki anbar sahələrində polis əməliyyatı vaxtı əsasən Vyetnamdan olan 1200 miqrant işçi saxlanılıb.

Reydlər 20 tikiş sexini aşkara çıxarıb.

Həmin rayonda keçirilmiş əlavə reyd gedişatında o cümlədən Azərbaycan, Qırğızıstan və Özbəkistan vətəndaşlığına malik miqrantlar aşkar olunub.

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə məşğul olduğu iddia edilən İraq, Suriya, Vyetnam və Azərbaycan mənşəli üzvlərinə malik qrupa qarşı cinayət işinin açıldığını bildirib.

8 nəfərdən ibarət qrupun 4 üzvü Rusiya pasportuna sahibdir.

Miqrantların sayı onlar barədə məhkəmə qərarının qəbul olunmasından sonra arta bilər.

Düşərgə

Rusiya paytaxtının şərqindəki 900 adamlıq düşərgədə 200-dək çadır quraşdırılıb.

İşçilərin bir hissəsi paytaxt polis idarəsindəki Xarici Vətəndaşların Saxlanılma Mərkəzinə gətirilib.

Hakimiyyət tibbi yardım və qidalanmanın təşkilini vəd edib.

Düşərgə daim polis nəzarəti altında olacaq.