ABŞ: elektron izləmə sayəsində 50 hücumun qarşısı alınıb

Keith Alexander
Şəklin alt yazısı, ABŞ xüsusi xidmətləri informasiya ilə xarici həmkarları ilə bölüşdüyünü bildirib.
Çap edildi

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA-National Security Agency) başçısı Keith Alexander deyib ki, 2001-ci ildən bu yana tətbiq edilən elektron izləmə nəticəsində 50 hücumun qarşısı alınıb.

Konqresdə çıxış edən ordu generalı deyib ki, elektron izləmə yolu ilə əldə olunmuş məlumatları 20-dən artıq ölkə istifadə edib.

Federal Təhqiqatlar Bürosunun direktor müavini Sean Joyce bu kimi kəşfiyyat materialları əsasında Nyu-York Əmtəə Birjasına hazırlanan həmlənin qarşısının alındığını deyib.

Həbs

Joyce deyib ki, məhz MTA informasiyası əsasında Missuridə Xalid Uazzanini yaxalamaq mümkün olub.

2010-cu ildə keçirilən məhkəmədə Xalid Uazzani Əl-Qaydaya maddi dəstək göstərmək üçün təşkil edilən qəsddə iştirakını etiraf edib.

Amerika xüsusi xidmətlərinin tətbiq etdiyi elektron izləmə təcrübəsi barədə Guardian qəzetinə sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı bildirib.

Bu yaxınlarda verdiyi müsahibədə Edward Snowden ABŞ telefon və internet şirkətləri abunəçilərinin təmasları barədə informasiyanın Milli Təhlükəsizlik Agentliyinə ötürüldüyünü deyib.

Snowden

Snowden ABŞ kəşfiyyat xidmətlərinin Facebook, Google, Yahoo, Apple və Microsoft kimi böyük internet şirkətlərinin serverləri və istifadəçilərin hesablarına çıxışı olduğunu deyib.

İnternet nəhəngləri bu məlumatları öncədən dansalar da, sonradan bir neçə şirkət istifadəçilər barədə tələb edilən məlumatları açıqlamaq üçün hökumətə müraciət edib.

Bazar ertəsi Guardian qəzeti Snowden-in sözlərinə istinadən yazıb kİ, 2009-cu ildəki G8 sammitinin gedişatında Britaniya xüsusi xidmətləri Türkiyə diplomatlarının telefon söhbətlərini dinləyib və onların kompüterlərinə müdaxilə edib.