Putin: Suriyada qırğına görə hökümətlə yanaşı üsyançılar da cavabdehdir

Putin və Cameron
Çap edildi

Rusiyanın prezidenti Vladimir Putin Londonda Böyük Səkkizliyin (G8) sammiti ərəfəsində Britaniyanın baş naziri David Cameronla danışıqlar keçirib. Görüşün əsas mövzusu Suriya münaqişəsi olub. Rəsmilər əmin ediblər ki, fikir ayrılığına baxmayaraq, bir çox məqamlarda mövqeləri uyğun gəlir.

Danışıqların yekunları üzrə mətbuat konfransı zamanı Vladimir Putin və David Cameron Suriya olaylarını müxtəlif cür qiymətləndiriblər.

Britaniya baş naziri Suriya qırğınları üçün ölkənin prezidenti Bəşar Əsəd məsuliyyət daşıdığını bəyan edib. Daha əvvəl o xatırlatmışdı ki, Suriya müxalifətinə silah tədarükü mümkünlüyü haqda hələ qərar qəbul edilməyib.

Cavabında Vladimir Putin bəyan edib ki, Suriya münaqişəsində “hər iki tərəfin də əlləri qan içindədir”, və Qərbi “öz əleyhdarlarını öldürməklə kifayətlənməyib, meyiti yarıb onların daxili orqanlarını hamının gözü qabağında və kameraların qarşısında yeyən” Suriya üsyançılarına dəstək verməkdən saqındırıb.

“Siz o adamları silahla təchiz etmək istəyirsiniz? Belə olan halda, çətin ki, bu, yüz illərlə Avropada elə qiymətləndirilən humanist dəyərlərə uyğun olsun. Hər halda, bizim üçün Rusiyada bunu təsəvvür etmək çətindir”, - bəyan edib Rusiya prezidenti.

Putinin sözlərinə görə, öz növbəsində Moskva Bəşar Əsəd hökumətinə tam leqal şəkildə silah tədarük edir.

“Rusiya qanuni Suriya hökumətinə beynəlxalq qanunlara tam uyğun olaraq silah tədarük edir. Biz heç nə pozmuruq”, - o vurğulayıb.

David Cameron bir daha dəqiqləşdirib ki, Moskva ilə London arasında bəzi məqamlar üzrə mövqelər müxtəlif ola bilər, lakin hər iki tərəf də Suriyada humanitar fəlakət baş verdiyi fikri ilə razıdır, və Britaniya ilə Rusiyanın məqsədi birdir – qırğına son qoymaq.

“Biz ikimiz də görürük ki, orada humanitar fəlakət baş verir, qeyri-sabitlik və ekstremizm təhlükəsini görürük, və biz sülh prosesini görmək istəyirik. İndi bizim vəzifəmiz G8 sammiti əsnasında sülhə doğru keçidə imkan verən ümumi mövqe formalaşdırmaqdır”, - Britaniya baş naziri deyib.

“Bügünki söhbətimizdən təsir aldım ki, əgər biz bir neçə fundamental məqsədlər - münaqişəyə son qoymaq, Suriyanın parçalanmasını dayandırmaq, suriyalılara kimin rəhbərlik edəcəyini özlərinə müəyyən etmək imkanını vermək, ekstremistləri dəf edib qalib gəlmək – üzrə həmfikir olduğumuzu etiraf etsək, bu ziddiyyətləri aradan qaldırmağa qadirik”, - Cameron əlavə edib.

Qəhrəmanlar üçün mükafat

Putin və Cameron
Şəklin alt yazısı, Suriya məsələsindən başqa iki ölkə liderləri Rusiya ilə Britaniya arasında iqtisadi-ticari və investisiya əlaqələrin möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər

London görüşü Putinlə Cameron arasında dördüncü görüşdür. Son dəfə onlar Britaniya baş nazirinin Soçiyə gözlənilməz səfəri zamanı görüşüblər.

Londonda Suriya məsələsindən başqa iki ölkə liderləri Rusiya ilə Britaniya arasında iqtisadi-ticari və investisiya əlaqələrini də müzakirə ediblər.

Putin cari ilin son dörd ayı ərzində ölkələr arasında ticarətin 15 faiz artdığını bildirib.

O, həmçinin Moskva ilə London arasında müxtəlif sahələrdə - idmandan tutmuş kosmosa və nüvə energetikasına kimi – “tək Rusiya və Britaniya deyil, o cümlədən üçüncü ölkə ərazilərində” əməkdaşlıq üçün böyük potensial olduğunu bildirib.

Danışıqlardan əvvəl İkinci Dünya Müharibəsi zamanı Sovet gəmilərini qoruyan arktik konvoy üzvlərinin təltif edilməsi mərasimi keçirilib. 20 veterana iki ölkə mükafatları verilib – Uşakov Mealı və Arktika Ulduzu.

“Biz nasizmlə mübarizədə xidməti olanların hamisina, o cümlədən bu işdə yardım göstərən müttəfiqlərimizə haqq verməyə, xüsusi diqqətlə yanaşmağa çalışırıq, - deyib Rusiya prezidenti. – İş tək İkinci Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən SSRİ-yə böyük həcmdə göstərilən maddi yardımda deyil, sizin və döyüş yoldaşlarınızın, bütün dünyaya nasizm üzərində qələbəyə ümid bəxş edərək, mərdlik və qəhrəmanlıq nümayiş etdirməyinizdədir”.

“Rusiyada sizi yad edir və qəhrəman hesab edirlər”, - o deyib.

Sammit ərəfəsində

G8 sammiti Şimali İrlandiyanın Lough Erne şəhərciyində bazar ertəsi başlanacaq.

Suriya problemində fikir ayrılığı ucbatından iki ölkə arasında münasibətlər daha da mürəkkəbləşib. Rusiya Bəşar Əsəd rejimini dəstəkləyir, bir halda ki, Britaniya onu pisləyir. Sammitdən qabaq David Cameron ABŞ prezidenti Barak Obama ilə də danışıqlar keçirməlidir.

Rusiya birmənalı anladıb ki, Suriya hökumət qoşunları tərəfindən üsyançılara qarşı kimyəvi silahdan istifadə edildiyinə dair ABŞ-ın, Böyük Britaniyanın və Fransanın bəyanatlarına çox da etibar etmir.

Ötən həftə ABŞ administrasiyası bəyan etmişdi ki, kimyəvi silahın istifadə olunması üsyançılara silah təqdim etməyə əsas verən Əsəd rejimi tərəfindən “qırmızı xəttin” keçməsi deməkdir.

Cameron hesab edir ki, Suriya müxalifətinə daha çox yardım göstərilməlidi. Moskva öz növbəsində Suriyanı daha əvvəl planlaşdırdığı hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə başlaya bilər.

Cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya hava məkanının qeyri-uçuş zonası elan edilməsini beynəlxalq hüquqların pozulması adlandırıb və Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair şəhadətlərin kifayət qədər etibarlı olmadığını bəyan etmişdi.