Mahaçqala meri təcridxanada damarlarını kəsib

Federal İstintaq Komitəsi müstəntiqinin qətli təşkilində şübhəli bilinərək ötən ay həbs olunmuş Said Əmirovun intihara cəhd etdiyini təsdiq edib.
Moskvadakı təcridxananın təkadamlıq kamerasında intihar cəhdi barədə ilk dəfə sosial şəbəkələr və İzvestiya qəzeti xəbər yayıb.
İzvestiya yazır ki, qan içində aşkar olunmuş Əmirov xüsusi təyinatlılar vasitəsilə xəstəxanaların birindəki təcili yardım şöbəsinə çatdırılıb. Müalicədən sonra mer yenidən istintaq təcridxanasına qaytarılıb.
“Əmirov doğrudan da intihar cəhdi edib. Hazırda onun vəziyyəti qənaətbəxşdir. O, həkimlərin nəzarəti altındadır”, - Federal İstintaq Komitəsinin nümayəndəsi Kristina Belousova deyib.
Moskva məhkəməsi Said Əmirovun mer vəzifəsindən kənarlaşdırılması məsələsinə dair qərar çıxarmalıdır.
Əmirovun vəkilləri intihar cəhdilə bağlı cümə axşamı peyda olan məlumatları şərh etmək istəməyiblər.
Said Əmirov 2011-ci ilin sonunda müstəntiq Arsen Hacibekovun qətlinin təşkilində şübhəli bilinir. O, həmçinin narkotik ticarətində və hüquq-mühafizə orqanları əməkdaşlarının qətlə yetirilməsində əli olan cinayət qruplaşmaya üzvlükdə şübhəlidir.
Federal İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin merin saxlanılması üzrə əməliyyatın iki il ərzində işlənildiyini deyib.
























