
Mərhum Fələstin lideri Yasir Ərafatın məzarı açılıb, İsveçrə, Fransa və Rusiya ekspertləri onun nəşindən üzərində tədqiqat aparılması üçün nümunələr götürüb.
Eksqumasiyanın nəticələri Fələstən liderinin necə öldüyünə işıq salmalıdır və onun ölümünün araşdırılmasının tərkib hissəsidir.
Beynəlxalq ekspertlər Fələstin liderinin zəhərlənmədən öldüyü barədə məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını yoxlayacaqlar.
Fələstin milli administrasiyasının ilk rəhbəri Yasir Ərafatın nəşi eksqumasiya edildikdən sonra yenidən dəfn edilib.
Bu ilin avqust ayında Yasir Ərafatın şəxsi əşyalarında İsveçrə ekspertləri tərəfindən radioaktiv polonium-210 izotopunun izi aşkar edildikdən sonra Fransa rəsmi sürətdə qətlin araşdırılmasına başlayıb.
Rəsmi tibbi qeydlərə əsasən, Yasir Ərafat beyinə qansızmadan vəfat edib. Mərhumun həyat yoldaşı Suha Ərafat ərinin vəfatından dərhal sonra onun cəsədinin yarılmasına razılaşmayıb, lakin bir müddət keçdikdən sonra Fələstin rəhbərliyindən "həqiqəti bilmək" naminə nəşin eksqumasiya olunması üçün icazə istəyib.
Mərasim mətbuat üçün bağlı keçib

Yasir Ərəfatın məzarı onun şərəfinə Qərb Sahilində, Ramallah şəhərində qurulmuş mavzoleydə yerləşir.
Eksqumasiya prosesini işıqlandırmaq üçün Ramallah şəhərinə Yasir Ərafatın mavzoleyi önünə yüzlərlə xarici jurnalist toplaşsa da, onlara çəkiliş aparmağa, məzarın açılması prosesini və nümunələrin götürülməsini izləməyə icazə verilməyib.
Yasir Ərafatın mavzoleyi və bütövlükdə eksqumasiya prosesinin özü xarici aləm üçün bağlı keçib - hadisə baş verdiyi ərazi rəngli brezent parçalarla bağlanıb.
Bütün əməliyyat cəmi bir neçə saat çəkib.
Nümynələr götürləndən sonra Ərafatın qəbri yenidən örtülüb.
Götürülmüş nümunələr İsveçrə, Fransa və Rusiya ekspertləri tərəfindən müstəqil şəkildə öyrənilib tədqiq olunacaq.
BBC müxbirinin qeyd etdiyi kimi, tədqiqatın nəticələrinin elan olunması üçün azı bir neçə ay vaxt tələb olunacaq.
Məsələ uzana bilər
Elan olunacaq məlumatların isə yekun nəticə olub-olmayacağı məlum deyil.
BBC müxbiri bu işin xeyli vaxt tələb edəcəyini və nəticədə yaddan çıxıb hərəkətsiz qala biləcəyini də istisna etmir.
Fələstinlilərin çoxu əmindir ki, Ərafatı zəhərləyiblər və bu işdə İsrailin iştirakı olub. İsrail isə bunu həmişə inkar edib.
BBC müxbirinin qənaətincə, bu əhvalatın məhkəməylə bitəcəyini təssəvvür etmək çətindir.
"Hətta əgər Ərəfatın ölümündə İsrailin iştirakı olubsa və o, həqiqətən də zəhərləndirilibsə, çox güman ki, İsrail bunu Ərafatın yaxın çevrəsinə daxil olan şəxs vasitəsilə edib", - BBC müxbiri qeyd edir.
Yasir Ərəfatın nəşinin eksqumasiya ediləcəyi barədə xəbər bu ilin yayında açıqlanmışdı.
Qətərin "Əl-Cəzirə" telekanalı reportaj yayaraq bildirmişdi ki, ola bilsin ki, Ərəfat zəhərlənərək öldürülüb, çünki əşyalarının üzərində radioaktiv polonium-210 maddəsinin izləri aşkarlanıb.
Yasir Arafat 2004-cü il noyabrın 11-də 75 yaşında Parisdəki Percy Hərbi Xəstəxanasında vəfat edib.

















