Timoşenko məsələsi: Almaniya Ukraynanı boykotla hədələyir

Yuliya Timoşenko
Şəklin alt yazısı, Yuliya Timoşenko həbsxana gözətçilərinin onu döydüyünü deyir.
Çap edildi

Almaniya hökumətinə Ukraynada yayda keçiriləcək Euro 2012 matçlarını boykot etməsi üçün təzyiqlər artmaqdadır. Hökumət həbsdə olan müxalifət lideri Yulia Timoşenkonun döyülməsi iddiaları ilə bağlı Ukraynaya təzyiq göstərməyə çağrılır.

Kansler Angela Merkel belə bir boykot nəzərdən keçirir, Almaniyanın Der Spiegel qəzeti yazır.

Ətraf Mühit naziri Norbert Roettgen deyib ki, hökumət turnir zamanı Ukrayna ilə münasibətləri kəsməlidir. Ukrayna Euro 2012 futbol yarışlarına Polşa ilə birlikdə ev sahibliyi edəcək.

Xanım Timoşenko ağır xəstə olduğunu deyir.

Onun aclıq aksiyası keçirdiyi və cümə günü bədənində göyərmiş izlər olduğunu göstərən şəkillərin yayıldığı xəbər verilir. Xanım Timoşenko ona həbsxana gözətçilərinin zərər verdiyini bildirib. O, hazırda Ukrayanın şərqindəki Xarkov şəhərinin məhbəsində saxlanır.

Ukrayna Baş Prokurorluğunun rəsmisi Vadim Goran onun iddialarını rədd edib və deyib ki, yaralar "bərk obyektə özünü zərblə vurmaq" nəticəsində yaranıb və onun dediyi kimi "qarına vurulan zərbələr nəticəsində" yaranmayıb.

"Soyuq müharibə" boykotu?

Cənab Roettgen Almaniyanın Bild qəzetinə deyib ki, Ukrayna "diktaturası"na Euro 2012-dən öz məqsədləri üçün sui-istifadə etməyə icazə verilməməlidir.

"Ona görə də, düşünürəm ki, nazirlər və baş nazirlərin Euro 2012-ə səfəri hazırkı şəraitdən müzakirə məsələsi deyil", o bildirib.

Almaniya komandası iyunun 13-də Xarkovda Niderland yığması ilə qarşılaşacaq. Turnir iyunun 8-dən iyulun 1-dək davam edəcək.

Almaniya Sosial Demokrat partiyasının lideri Sigmar Gabriel də boykota çağırıb.

Cümə axşamı Almaniya prezidenti Joachim Gauck Ukraynaya planlaşdırılan səfərini təxirə salıb.

Cümə günü Avropa İttifaqının Ədliyyə komissarı Viviane Reding deyib ki, Ukraynanı çempionatın açılış mərasimində boykot edəcək. "Çünki gözünü hətta böyük idman yarışları zamanı belə insan haqlarına yuma bilməzsən".

Ukrayna Xarici İşlər Naziri deyir ki, Almaniya haqqında məlumatların sadəcə mətbuat uydurması olmasına ümdi edir.

Keçmiş Baş Nazir və Ukrayna Prezidenti Viktor Yanukoviçin əsas rəqibi xanım Timoşenko səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il müddətinə həbs cəzasına layiq görülüb və vergidən yayınma halları ilə bağlı digər bir məhkəməyə çıxarılacaq.