Avropa şaxtası: Ukrayna və Polşada ölənlərin sayı artıb

Şəklin mənbəyi, AP
Ukraynada soyuqdan daha 20, Polşada isə 9 adam ölüb.
Avropada ölənlərin sayı artıq 110-a çatıb. Ukraynada ümumilikdə 63, Polşada isə 29 adam ölüb.
Havanın hərarəti qitənin bir çox yerlərində mənfi 30 dərəcəyə çatıb.
Serbiyada hakimiyyət deyir ki, uzaq ərazilərdə yaşayan 11 min kənd sakini qar uçqunu nəticəsində ətraf aləmdən əlaqəsi kəsilmiş vəziyyətdədir.
İtaliyada 600-dən artıq sərnişin qızdırısız qatarda gecələməli olub. Elektrik kabelləri donduğu üçün işıq kəslib.
Mərkəzi və şimali İtaliya boyunca güclü qar böyük pozuntular yaradıb. Hava ekspertləri deyir ki, son 27 ildə ən soyuq həftə yaşanıb.
Rusiya və Qazaxıstanda ən soyuq temperatur qeydə alınıb.
Ural və Sibirdə temperaturun dərəcəsi mənfi 40 dərəcəyə enib. Qazaxıstan paytaxtı Astanada hava proqnozçuları İnterfax-Qazaxıstan agentliyinə deyiblər ki, küləklərlə gələn soyuq havanın dərəcəsini mənfi 52 dərəcəyədək endirib.
Cənubi Rusiyada avtomobil və yük maşınları Novorosiysk və Krasnodar arasında qarda ilişib qalıb.
Türkiyəyə də güclü qar yağıb. Çərşənbə günü İstanbula düşən qarın dərinliyi 50 santimetr olub. Ölkənin cənub-şərqində qar uçqunu bir qadını öz evində öldürüb, məlumatlarda deyilir.
Digər bir uçqun isə Bitlis və Diyarbəkir əyalətlərini birləşdirən əsas yolu bağlayıb.
Almaniyada xilasedicilər donmuş göldə üzən yaşlı qadını xilas edə bilməyiblər.
























