Rabindranat Taqor və ilham pərisi haqda film

Rabindranat Taqor
Şəklin alt yazısı, Heyranı Okampo xəstə Taqora iki ay öz evində baxmışdı.
    • Müəllif, Saibal Chatterjee
    • Vəzifə, Film ssenaristi
  • Çap edildi

Argentinalı film rejissoru Pablo Sezarın yeni film layihəsi ikonik hind şairi Rabindranat Taqorun feminist Argentina yazıçısı, ədəbiyyat jurnalı redaktoru və mədəniyyət fəalı Viktoriya Okampo ilə "intim, ancaq platonik" münasibətlərindən bəhs edir.

"Onu düşünərkən" filmi Taqorun 1924-cü ildə Argentinada müvəqqəti yaşadığı zaman Okampo ilə dərin emosional bağlarından bəhs edir.

"Film indiki zamanı və 1920-ci illəri təsvir edəcək" - Sezar deyir.

"Mən filmin çəkilişlərinə hazırlığa 2008-ci ildə, Hindistanın Argentinadakı səfirinin təklifilə başlamışam. Amma filmi Taqorun 150-ci doğum yubileyinə çatdıra bilməyəcəyəm, çünki tədqiqat və maliyyə prosesi gözləndiyindən uzun çəkdi" - Sezar deyir.

Gitanjali

Sezar ümid edir ki, "Onu düşünərkən" filmini qlobal yayım üçün 2012-ci ildə hazır edə biləcək.

"Taqor poeziyasının rezonansı və dünyanın ona baxışı hər zaman canlıdır. Ona görə də, filmin 150-ci doğum ilində ekrana çıxb-çıxmamasının fərqi yoxdur" - direktor deyir.

Okampo Taqorun Gitanjali şerlər toplusunun fransız dilinə tərcüməsini 1914-cü ildə oxuyandan sonra, onu idollaşdırmışdı. Bundan bir il əvvəl isə Taqor Nobel mükafatına layiq görülmüşdü.

Şairin argentinalı yazıçıya təsiri böyük olmuşdu. O zamanlar Okampo 30 yaşlarında idi.

Taqorun isə 1924-cü ildə 63 yaşı vardı, bir il sonra yazdığı Purabi şerlər kitabını öz argentinalı ilham pərisinə həsr etmişdi. O, Okampdan o qədər ilhamlanmışdı ki, rəsm çəkməyə başlamışdı.

1930-cu ildə Okampo şairin ilk rəsm sərgisini Parisdə təşkil etdi, orada onlar ikinci və sonuncu dəfə görüşdülər.

Lakin 1941-ci ildə ölənədək Taqor Okampo ilə yazışmağa davam etdi.

Okampo ərindən ayrılmışdı, amma heç zaman yenidən evlənmədi.

Argentina

Taqorun Argentinada qalmağı öncədən planlaşdırılmamışdı. O, Avropadan Peruya gedərkən, xəstəliyi ucbatından gəmini Buenos Ayresdə tərk etməli oldu.

O, iki ayını Buenos Ayres yaxınlığındakı San İsidroda, Plate çayı sahilindəki bağçalı malikanədə keçirdi.

Məktublarında Bijoya kimi müraciət etdiyi Okampo şairin əsl heyranı olaraq onun qayğısına qaldı.

Taqor sağaldı və San İsidroda ikən nə az-nə çox, düz 30 şer yazdı.

Onlardan biri - "Qonaq" adlı şer belə başlayır. "Dənizlərin o tayında müvəqqəti günlərimi şirinliyinin gül şirəsilə doldurdun, qadın".

Saibal Chatterjee Dehlidə yaşayan ssenaristdir.