Londonda iğtişaşlar baş verib - 26 polis nəfəri yaralanıb

Çap edildi

Londonun şimalındakı Totenhəm (Tottenham) rayonunda ötən gecə iğtişaşlar baş verib.

London. Tottenhəm. Yanmış avtobusun qalıqları.

Polis hücuma məruz qalıb, bir sıra bina və dükanlara, avtomobillərə od vurulub.

Gecə iğtişaları zamanı 26 polis nəfəri yaralanıb. Zorakılıq hadisələri yerli icmanın etiraz aksiyasından sonra başlayıb. Etiraz aksiyasına səbəb cümə axşamı günü Totenhəm sakini Mark Daqqanın (Mark Duggan ) polis tərəfindən güllələnməsi olub.

Polisin məlumatına görə qarətlər bazar günü səhər də baş verib.

Britaniyanın Daxili İşlər naziri Tereza Mey (Theresa May) Tottenhəmdə ötən gecə baş vermiş zorakılıqları pisləyib.

O vurğulayıb ki, ərazidə qayda-qanun London polisi tərəfindən bərpa ediləcək.

Britaniya hökümətinin sözçüsü deyib ki, "Tottenhəmdə baş vermiş iğtişaşlar tamamilə qəbuledilməzdir".

İğtişaşlar gözlənilmədən başalayıb

Şənbə günü axşamı, saat 20 radələrində, dinc etiraz aksiyası iğtişalara dək böyüdükdən sonra, hadisə yerinə iğtişaş polisi və atlı polis qüvvələri çağırılıb.

İğtişaşçılar polisi Molotov kokteylləri ilə qarşılayıb, ətraf binalara od vurulub. Toqquşmalar zamanı 2 tavanlı sərnişin avtobusu tamamilə yanaraq külə dönüb.

Supermaketlər, dükanlar qarət edilib və yandırılıb.

London təcili tibbi yardım xidməti 10 nəfərin həkimə müraciət etdiyini və 9 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Yaralanan polislərdən azı bir nəfəri etirazçılar ilə toqquşma zamanı kəllə zədəsi alıb.

Qarətçilərin mağazaların vitrinlərini qırıb malları və əşyaları qarət etdikləri barədə xəbərlər var.

Şahidlərin sölərinə görə, qarətçilər dükanlardan çıxardıqları malları maşınlarla daşıyıblar. Maşını olamayanla isə, supermarket arabalarından istifadə ediblər. Arabaları əşyalarla doldurub piyada aparıblar.

Şahidlərə görə, polis bu zaman hadisələrin gedişinə müdaxilə etməyib.

Polis nümayəndəsi deyib ki, etirazın iğtişaşa çevrilməsi polis üçün gözlənilməz olub. Etiraza səbəb Tottenhəm sakini Mark Daqqanın (Mark Duggan) polis nəfəri tərəfindən güllələnməsi olub.

Yerli icma nümayəndələri və Mark Daqqanın dostalrı deyib ki, onlar onun ölümünün səbəblərini, onun nəyə görə güllələnməsini bilmək istəyirlər.

Müstəqil Polis Şikayətlər Komissiyası Mark Daqqanın ölümünün səbələrini araşdırır.

London şəhər rəsmiləri etirazçıların emosional vəziyyətini başa düşdüyünü, lakin araşdırmanın vaxt tələb etdiyini qeyd ediblər.